Cəlilabad rayonunun şəhid ailələrini və himayəmizdə olan əmanətlərini ziyarət edirdik.
Düşündük ki, ucqar dağ kəndlərindən olan Soltankənddə əmanət ailəmizə də baş çəkək. Lakin çox sıldırımlı və qarışıq olduğu üçün kəndə gedən yolu tapa bilmədik və yolda nurani bir qoca ilə qarşılaşdıq.
Bizə yolu tapmaqda yardım edən bu qoca ilə söhbətimizdə öyrəndik ki, onun gənc oğlu da şəhid olub.
“Cığır” ailəsi olaraq bu ailəyə də baş çəkməyi özümüzə borc bildik.
Ailə çox sadə və olduqca imanlı idi.
Əzizov İbrahim şəhidimiz SOCARda işləyirmiş, səfərbərlik elan olunan zaman könüllü yazılaraq müharibəyə yollanıb. Noyabr ayının 9-u şanlı zəfərimizə saatlar qalmış Daşaltıda vurularaq şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin böyüyüb boya-başa çatdığı ev dağın başında çox sadə bir ev idi.
Əziz ailəsi onun haqqında çox gözəl danışdılar. Qəhrəmanımızın valideynlərinə çox bağlı övlad, çox zəhmətkeş gənc olduğundan bizlərə bəhs etdilər.
İbrahim ailənin sonbeşiyi olub.
Yeni ailə həyatı quran şəhidimizin həyat yoldaşı gözlərindən əməliyyat olunduğu üçün anasıgildə yaşayır. İbrahimgildən həyat yoldaşının evinə yola düşdük.
Şəhidimizin xanımı bizi çox mehriban, səmimi qarşıladı. Söhbətimizdə onun təhsil almağa niyyətli olduğunu öyrəndiyimiz üçün ona bu istiqamətdə dəstək olacağımızı bildirdik.
Vətən fədakarının Nuray adlı bizlərə əmanət bir qız övladı var.
Təsadüfən də olsa yolumuzun kəsişdiyi bu şəhid ailəmizə ziyarətimiz və qəhrəmanımızla tanışlığımızdan çox məmnun qaldıq.
Bir daha anladıq ki, Vətənimizin hər küncündə, hər bucağında torpağımız uğrunda canını fəda edən qəhrəman oğullar var- İbrahim kimi.
Fəxr edirik sizinlə, dəyərli gənclərimiz!