Qazi Vüsal Abbasov

Qazi Vüsal Abbasov

Vətən, səni sevirəm deməklə, sevgini əməldə göstərmək arasında nə qədər böyük fərq vardır!
Onlar bizə sevgini öyrədən qəhrəmanlardır! Elə bir qəhrəman ki, vətən uğrunda öz canını heçə sayaraq sevgisini uca tutmuş və sevdiyini bütün dünyaya sübut etmişdir.
Qəhrəman qazilərimizdən biri olan Abbasov Vüsal Daxili Qoşunların xüsusi təyinatlısı və çavuş maxe olmuşdur.
Oktyabrın 3-ü Cəbrayılda tank mərmisi ilə bərabər güllə yarası alıb.
Ağır şəkildə yaralanan qazimiz güllənin ağciyərini zədələməsi və iki qabırğanın arasındakı sinirin yanında ilişdiyinə görə əməliyyat oluna bilmir.
Həmsöhbətimiz Vüsal başına gələn hadisələri danışdıqca vətənimizin belə oğulları olması ilə içdən-içə fəxr edirdik.
Vüsal Neft Akademiyasının Energetika bölməsini bitirib və 6 ilin hərbçisi olub.
Vüsal deyirdi ki, “Bordo papağı”almaq asan iş deyil. Həmişə deyirdim ki, kaş müharibə olardı, mən də iştirak edərdim”
Qazimiz müharibə dövründə yaşadığı hadisələri bizimlə bölüşdü.
“Bacardıqca yaralanmadan irəli doğru can atırdıq. Çox yoldaşlarım şəhid oldu. Orada bir gün bir ilə bərabər idi. Sumqayıt daxili qoşunlarından 47 nəfər getdi, onlardan 7-si Şuşaya qədər gedə bildi. Uşaqlar yaralansa da mən yaralanmırdım və sevinirdim ki, daha da irəli gedəcəm. Elə bu vaxt mən də yaralandım”.
Vüsalın danışdıqları gözümüzün önündə canlananda bu misralar səsləndi sanki qulağımızda “Torpaq uğrunda ölən varsa vətəndir!”
Vüsalgil öz yoldaşları ilə Lənkəranda uşaq evlərini ziyarət edir və bayram günlərini onlarla keçirməkdən böyük zövq alırlar. Vüsal deyir ki, orada hər birimiz bir uşağı öz balamız olduğunu qəbul edirdik, mən də Nuray adlı bir qızı öz övladım kimi bilirdim.
Bu sözlərdən sonra Vüsalın səmimi və mehriban olduğuna bir daha şahid olduq.