Vətənin mərd, cəsur oğullarından olan qazi Əsədov Anarı “Cığır” İB əməkdaşları ziyarət etdi.
Anar uzun müddət Beyləqan rayon ərazisində Mühafizə Polisi işləyib. 4 ildir ki, Milli Orduda Hərbçi olaraq çalışır. Evli olan Anarın 5 az yaşlı uşağı var. Aysu, Aynurə, Yağmur, Gülnar, Fuad.
Döyüş başlayandan Qazi Anar müharibədə ön cəbhədə vuruşub.
Anar deyir ki: “Oranın abu-havası tamamilə fərqlidir. Orada insan tamamilə fərqli olur. Ancaq fikrin torpaqları alıb ermənilərdən təmizləmək olur. Hətta ailəni, uşağı belə unudursan.”
Anarla onun keçdiyi döyüş yolundan söhbət etdik. Çox duyğulandıq. Ürəyimiz qürur hissi ilə doldu. Azərbaycanın belə igid oğulları olduğu müddətcə Allahın izni ilə heç kəs bizə qalib gələ bilməz.
Qazi Anar çox möhkəm iradəli, ruhu yüksək insandır. Onun yaşadığı ev 5-ci mərtəbədədir. Biz ona aşağı mərtəbəli evlərdən kirayə tutulması təklifini bildirəndə, Anar dedi ki, “Burada heç bir çətinlik yoxdur. Düşürəm də, çıxıram da. Hələ inşəAllah ayağıma protez qoyulandan sonra heç dayanmayacağam.” Onun ruh yüksəkliyi bizə də sirayət etdi.
Anar düşmənin xislətindən də danışdı: “Biz heç vaxt düşmənin mülki əhalisinə atmadıq. Ancaq atış nöqtələrini susdurduq. Onlar isə bizim kəndləri, mülki əhalisi yaşadığı yerləri vururdular. Bu da onların alçaqlığından xəbər verir.”
3 dəfə əməliyyat olunmasına, keçirtdiyi döyüş yolunun çətinliklərinə baxmayaraq Anar çox səbirlə bizim suallarımıza cavab verirdi.
Anar uşaqlıqdan haqqın tərəfində olub, zəifi qorumağa çalışıb. Onunla söhbət o qədər bizə müsbət təsir etdi ki, zamanın belə necə keçməsindən xəbərimiz olmadı.
Anar “Cəsur Döyüşçü” medalı ilə təltif olunub.
Anar oktyabrın 10-da Ağdamın Təzəkənd kəndində minamyot partlayışı nəticəsində ağır yaralanıb. Çoxlu sayda qəlpələr bədəninə, başına, göz hissəsinə isabət edib. Sol ayağını tamamilə itirib. Sol qolu sınıb və vətəri zədələnib. Hal-hazırda bədənində, gözünün arxa hissəsində qəlpələr var. Anar iki tərəfli pnevmoniya keçirib. Həkimlər tərəfindən deşilərək sular boşaldılıb. Anar 3 dəfə əməliyyat olunub. Bağırsağı içəri salmaq üçün də daha bir əməliyyat onu gözləyir. 2 ay hospitalda yatıb. Dekabrın 15-i isə evə buraxılıb.
Anar hamıdan razılıq edirdi, lakin bəzi insanların düşüncəsiz hərəkətlərindən, mənəvi cəhətdən onları sarsmasından şikayətləndi. O dedi: “Mənim maddi deyil, mənəvi dəstəyə ehtiyacım var. Mən bir Vətən oğlu kimi döyüşmüşəm. Bu da mənim borcumdur.”
Nə yaxşı ki, Azərbaycanın belə igid oğulları var.
Onlar bizim vətənimizin keşiyində layqincə duran və xidmət edən əsl Vətən Oğullarıdır!
Bizim də üzərimizə düşən mənəvi dəyərlərin keşiyində durmaqdır.