Qazi Nurlan Seyidov

Qazi Nurlan Seyidov

“O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır.” Zaman bu deyimin nə qədər həqiqət olduğunu bu dəfə də Qarabağ müharibəsində bizə sübut etdi. Qarabağ müharibəsinin qalib əsgərlərindən biri, qazimiz Nurlan Seyidov. I Qarabağ müharibəsi döyüşçüsünün oğlu başqa necə ola bilərdi ki?!
Evin tək oğlu olmasına baxmayaraq Nurlan sentyabrın 29-u Hərbi komissarlığa gedərək qeydiyyata düşür. Və sentyabr ayının 30-da əsgər yoldaşlarıyla bərabər Goranboya yollanır. Oktyabr ayının 3-də döyüş meydanından hərbçilər 5 şəhid olmuş manqa komandirinin əvəzinə gedəcək 5 çavuşun irəli gəlməsini söyləyirlər. Nurlan irəli addım atan o 5 çavuşdan biri olur. Çiynindəki yükün fərqindədir. Siravi əsgər olmaqdan çox manqa komandiri olmaq, əsgərləri düzgün yönləndirmək başqa bir məsuliyyət qoyur Nurlanın üzərinə. O, Talışkənd, Suqovuşan, Cəbrayıl, Hadrut və son olaraq Füzulinin Seyidəhmədbəyli kəndində qızğın döyüşlərdə iştirak edir. Həmsöhbətimiz deyir ki: “Ön cəbhədə vuruşduğumuz üçün elə gün olurdu, 3-4 gün ac qalırdıq. Bəzən içməyə su belə tapmırdıq. Döyüş günlərinin birində 7 əsgərə rəhbərlik edirdim. Bizdən bir az aralıda çaydan su gətirmək lazım idi. Amma güllələrin, topların, minamyotların altında ora gedib su gətirmək həyatını 50 faiz təhlükəyə atmaq demək idi. Özüm manqa komandiri olaraq necə əsgərə deyə bilərdim ki, get suyu sən gətir. Buna görə də hər şeyi gözə alaraq 2 dəfə suyu gətirməyə özüm getdim. Həyatda qalmaq və taqətimizin olmağı üçün bu su bizə vacib idi. Suyu da israf etmədən içməli idik. 1 dəfə də düşmənin postuna girib yemək tapıb gətirmişdik. Məcbur ac qalmamaq üçün tutub gətirdiyimiz dananı kəsib suya ataraq yarı-çiy bişirib yediyimiz günlər də olub, gecələri hər kəs yatarkən oyaq qaldığım günlər də.”
Fədakar qazimiz Nurlan danışdıqca düşünürdük ki, bəlkə də küskünlüyündə az da olsa haqlıdır hər zaman hər şeydə özünü irəliyə atan bu gənc oğlan.
Həqiqətənmi Nurlanın təbirincə desək: “Pul verib döyüşə getməyən, ön cəbhədən arxaya qaçan, bilərəkdən ayağını burxudan əsgər daha çox layiq idi verilən medallara? Özündən can-cüssə baxımından böyük olan yaralını çiynində daşıyan əsgərlərimiz diqqətdən kənarda qalmalı idimi”?! Bu düşüncələrdən bizi Nurlanın söhbətinə davam etməsi ayırdı: “Oktyabr ayının 26-da Füzulidə döyüşlər gedirdi. Son kəndi də almalı idik. Axırıncı post alındıqdan sonra gediş-gəliş yolunun ələ keçirilməsi nəzərdə tutulmuşdu. Artıq 2-3 gün öncədən əsgərlərimizlə müşahidəyə çıxmışdıq ki, hücuma keçək. Saat 2 radələri idi. Döyüşə girdik. Həmişə cəm şəklində irəliləyirdik. Bu dəfə qəlbimdə cəm şəklində deyil, 2-2 getməyimiz lazım olduğunu hiss etdim. Çayı getdik, çay qurtarırdı. Öndə əsgər yoldaşımla bərabər ikimiz gedirdik, arxada isə əsgərlər. Snayperçi bizi gördü. 2 yer vardı gizlənmək üçün. Daş topasının arxasında mövqe qurub atışmağa başladıq. Snayperçi dayanmadan atəş açırdı. Az keçmədən hər ikimiz vurulduq. Mən özümü çaya atdım. Neçə saat çayda qaldım. Başqa manqadan əsgər məni sudan çıxarıb torpağa uzatdı.”
Nurlan çoxlu qan itirsə də, sürünə-sürünə öz əsgərlərimiz tərəfə gəlib çıxa bilmişdi. Artıq orada huşunu itirmiş, taqəti qalmamışdı. Gözünü açanda isə özünü xəstəxanada görmüşdü. İlk işi atasına zəng edib “mən yaxşıyam” deməsi olur.
Nurlan deyir ki, dəfələrlə möcüzələrə şahid olduq cəbhə bölgəsində. 12 nəfər idik. 20-30 metrliyimizə düşən mərmi partlamadı. Lakin 500-600 metrliyimizə düşən fosfor raket hamımızı silkələmişdi. Duaların gücü idi bu. Nurlan həm də döyüşdə yeməksiz, susuz hər bir əsgərin üzünün güldüyünü deyirdi. Hər kəs torpaqlarımızı azad etdiyimiz üçün xoşbəxt idi.