Vətən yolları çaylara bənzəyir, uzanıb çatdığı yerləri canlandırır. Yolların ətrafında minnətdar xalqımız iri lövhələrdə şəhidlərimizin xatirəsini əziz tutaraq onların aramızda olduğunu hiss etdirirlər.
Oğuz rayonunun Calut kəndində şanlı igidlər sırasında Əmrahov Saməddin Şamil oğlunun ailəsi ilə də tanış olduq.
Kəlbəcər şəhərində doğulan şəhidimiz 27 ildən sonra bu torpağın işğaldan azad edilməsi uğrunda canını qurban verdi.
Calut kəndində “Cığır” MDİD İB-ni şəhidimizin böyük və mehriban ailəsi qarşıladı. Ailə üzvləri yaratdıqları səmimi və isti ab-hava, xoş, gözəl sözlərlə şəhidimizi bizə tanıtdırdılar.
Ailənin gülərüzlüsü, qayğıkeş, həlim övladı Saməddin həm də çox zəhmətkeş olub. Murovdağ döyüşləri zamanı yaralanıb, amma geri çəkilmədən təkrar döyüşlərdə iştirak edib. Kiçik çavuş Saməddin Əmrahov cəsurluq və şücaətinə görə dövlətimiz tərəfindən üç medalla təltif olunub.
Qəhrəman şəhidimiz, haqqa şahidliyin mübarək olsun!