Şəhid Elman Babayev

Şəhid Elman Babayev

“Cığır” MDİD İB şəhid ailələri ilə görüşlərinə davam edir. Bugünkü görüşümüz şəhid Babayev Elman Telman oğlunun ailəsində baş tutdu.

Elman Babayev 1 noyabr 1994-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub.

Müddətli hərbi xidmətini bitirdikdən sonra ll Qarabağ müharibəsi zamanı da döyüşə yollanmış, 2020-ci il oktyabrın 2-si Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Anası öz xatirələrində qəhrəmanımızı belə qeyd edir:
“Elman çox gözəl övlad olub, heç vaxt harama əl atmayıb. 9 yaşından atasından ayrı qalıb. Çox ədəbli, tərbiyəli övlad olub. Oğuzda heç kəs onun pisliyi haqqında danışmayıb.
Riyaziyyatı çox sevirdi, dərslərini yaxşı oxuyurdu, imkan olmadığına görə oxuya bilmədi.

Elman 4 il tikintidə fəhlə işləyib. Müdiri mağazanı, kassanı hər zaman ona əmanət edərdi.

Oğlum yolumuzun üstündə xar tut, qoz ağacı əkib ki, yoldan keçənlər yeyib bizlərə dua oxusunlar.

Əsgərlikdə Polad Həşimovun rəhbərliyində olan hərbi hissədə xidmət edib. Ağır artilleriya atıcısı idi. Həmişə deyirdi ki, əgər məni sevirsinizsə, mənə nəsə olsa, ağlamayın.
Ağladığıma görə yuxularıma girmədiyini düşünürəm, ona görə söz vermişəm ki, daha ağlamayacam. Həyat yoldaşının yuxusuna tez-tez girir. Onu çox gözəl halda görür və Elman ona deyir ki, “Niyə mənim üçün ölü deyirsiniz, axı mən ölməmişəm?!

Hər gün bizim üçün dua etdiyini də həyat yoldaşına yuxusunda deyib.
Özündən sonra 2 övladını əmanət qoyub. Oğluna Ümid, qızına isə Nişanə adının qoyulmasını özü istəyirdi. 2-ci övladı şəhidliyindən 4 ay sonra dünyaya gəlib. Ümid ilk dəfə “ata” sözünü şəhidlər xiyabanında atasının şəklini görəndə deyib”.

“Cığır” MDİD İB şəhid ailələrini ziyarət edərək onlara dua, məlhəm, sevgi, dost olmağa çalışır.

Məqsədimiz onların dəyərli, seçilmiş, mübarək olduğunu çatdırmaq və Allahın şəhidlik məqamı kimi nemətin gözəlliyindən söz açaraq onları xeyrə dəvət etməkdir.

Allah bütün şəhidlərimizin məqamını daha da ucaltsın, uğrunda can qoyub, qan tökdükləri bu torpaqda layiqli və faydalı vətəndaş olmağı hər birimizə nəsib etsin!