Vətən sevgisi ilə yoğrulan ruhlara salam olsun!
O sevgi naminə hər şeyi qurban verə bilən insanlar üçün Vətən sevgisi ən ülvi duyğudur . Sevənlərin şüarları budur “Vətən sağ olsun!”
Belə igidlərdən biri də 2-ci Qarabağ müharibəsi veteranı və hal-hazırda aktiv döyüşçü olan Şükürov Zaur Taha oğludur.
O, 29 mart 1982-ci ildə İsmayıllı rayonunun Suluq kəndində anadan olub. Uşaqlıqdan hərbə böyük həvəsi olan Zaur 2000-ci il avqustun 15-i Xüsusi Təyinatlı Qüvvələrdə kursa başlayır. 6 ay kurs keçdikdən sonra 2000-ci ilin mart ayından orada rütbəli şəxs olaraq fəaliyyətə başlayır. 20 ildir artıq XTQ sıralarında Baş Gizir olaraq çalışır.
Aprel döyüşlərində qəhrəmancasına vuruşan Zaur yüngül yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etmir və sona qədər vuruşur, yaralandığı barədə isə heç kimə məlumat vermir.
İkinci Qarabağ müharibəsində sentyabrın 27-dən Füzuli rayonunun düşmən əlində olan Qaraxanbəyli kəndinə hücuma başlayırlar. Düşmənin göstərdiyi müqavimətə baxmayaraq, kəndi erməni işğalçılardan azad edirlər. Bu döyüşdə onların dəstəsindən 14-15 nəfər ağır yaralanıb, lakin buna baxmayaraq, dəstə bir yerdə durmamış, irəliləmişdir. Düşmən ağır artilleriyadan, minamyotlardan, toplardan, ağırçaplı silahlardan hücuma keçmişdir, lakin bu dəstənin doğru mövqe seçməsi nəticəsində minamyotlar onlardan yan keçmişdir. Düşmən həmişəki kimi tələ qurmağa çalışıb və Azərbaycanın N saylı hissəsinin şəxsi heyəti olduğu, çoxlu yaralılarının olduğu haqqında yalan məlumat verib. Əfsus ki, ürəyi təmiz olan bir neçə Azərbaycan əsgəri yoldaşlarını qurtarmaq üçün düşmənin qeyd etdiyi istiqamətdə qaçmağa başlayıb və bu zaman onlardan 2-si ağır yaralanıb, 1-i isə Şəhid olmuşdur. Az sonra Azərbaycan Qoşunları yenidən düşmən mövqeyinə hücuma başlayıblar. Hücum nəticəsində düşmənin şəxsi heyəti darmadağın edilmişdir. Zaur deyir ki, “Öncəliyimiz döyüş meydanından yaralılarımızı, Şəhidlərimizi təxliyyə etmək olub.”
Zaurgilin dəstəsi 3 gün mühasirədə qalıb, 4-cü gün isə düşmənin mühasirəsini yararaq yerdəyişmə ediblər: “Çox ağır döyüşlər gedirdi. Düşmən dayanmadan mövqelərimizi ağır artilleriyadan atəşə tuturdu. Daha sonra isə bizim qoşunlar düşmənə ağır artilleriyadan cavab verməyə başlayıb və onları göz açmağa belə qoymayıb. İrəlilədikcə əsgərlərimiz hərbi qənimətlər də əldə ediblər.”
“Güllələr yağış kimi üstümüzə tökülürdü. Ancaq biz qorxmurduq və qoruyanın Allah olduğunu bilirdik. Biz dayanmadan hərəkətə başladıq. Biz irəlilədikcə düşmən mövqeyini tərk etməyə məcbur olurdu. Demək olar ki, getdiyimiz hər bölgədə qənimətlər əldə edirdik.”
“Oktyabrın 2-dən 3-nə keçən gecə Füzuli-Cəbrayıl istiqamətində hərəkətə başladıq. Çox güclü yağış yağırdı. Oktyabrın 3-ü isə Cəbrayıla hərəkət etməyə başladıq və axşam Cəbrayıla çatdıq.
Cəbrayılda təpə ətrafı döyüşlərdə biz Ermənistanın xüsusi təyinatlıları ilə döyüşə başladıq. Və bu döyüşdə biz dörd Şəhid verdik. Ancaq döyüşümüzü davam etdirdik. Gecəni yağışın altında keçirdik. Biz həm hava şəraiti ilə, həm də düşmənlə mübarizə aparırdıq.”
Oktyabrın 5-i Zaur Şükürov öz mövqeyindən düşməni gözləm altında saxlayırdı:
“Elə bu zaman düşmən tərəfindən atılan minamyotun səsini eşitdim. Yaxınlığımda partladı. İlk qəlpə ağzıma girərək dişlərimi sındırdı. Və yoldaşlarıma: “Deyəsən ağzımdan qəlpə dəydi, dişlərim sındı, mən yemək yeyə bilməyəcəm” demək istəyirdim ki, nəfəsimin daraldığını hiss etdim. Yoldaşlarıma yaralandığımı bildirdim. Digər qəlpə isə qolumun arxasından girərək ağciyərimdən döş qəfəsimə doğru istiqamətlənmişdi. Güclü qanaxmam var idi. Yoldaşlarım mənə ilk tibbi yardım etməyə çalışırdılar. Mən yaralı halda bir gündən çox tibb maşınının gəlməsini gözlədim. Çox pis olurdum, çünki sona qədər döyüşmədən nə ölmək, nə də yaralanmaq istəyirdim. Döyüş meydanında yaralarımın təsirindən olacaq ki, ani yuxuya getdim və yuxuda erməni əsgərlərinin mənə doğru gələrək, əsir götürəcəklərini gördüm. Qrantı köksümə sıxaraq partladıb həm onları, həm də özümü məhv edəcəkdim, çünki biz sağ ələ keçirilə bilmərik. Üzümə tökülən yağış damcıları məni yuxudan ayıltdı və həqiqətən də, oradan iki erməni əsgərinin keçdiyini gördüm. Ancaq çox maraqlı idi ki, mənim açıq mövqedə olmağıma baxmayaraq, onlar məni görməmişdilər. Və mən döyüş meydanından yoldaşlarımın köməyi ilə çıxarıldım. Biz orda çox möcüzələrə şahid olduq.
Silah dostlarımızın çoxunu şəhid verdik, amma hamımızın ən başlıca amalı işğalda olan torpaqlarımızı düşməndən azad etmək idi.
Mən öz hərbi vəzifəmi yerinə yetirirəm. Mən döyüşçüyəm və bununla fəxr edirəm.Vətən, torpaq düşmən ayağı altında qala bilməz. Allaha şükür olsun ki, torpaqlarımız bu gün azaddır və orada Azan səsi yüksəlir.
Allah şəhidlərimizə rəhmət etsin.”