Qazi Rəşad Qəhrəmanov

Qazi Rəşad Qəhrəmanov

Vətəni ən gözəl şəkildə sevən vəzifəsini ən yaxşı yerinə yetirəndir.
Məhz 44 günlük vətən müharibəsində öz canlarını torpağın hər qarışına qurban verməyə hazır olan qəhrəmanlarımız da bu fikrin bariz nümunəsidir.
“Cığır” MDİD İB-in ziyarət etdiyi mərd igidlərimizdən biri də qazimiz Qəhrəmanov Rəşad Elşad oğludur. O, 2001-ci il fevralın 8-i Sumqayıt şəhərində dünyaya göz açmışdır. Rəşadın atası əslən qan yaddaşımızın unudulmaz şəhərinə çevrilmiş Xocalıdan qaçqın düşmüşdür. Anasıgil isə Füzuli şəhərini məcburi şəkildə tərk etmişdir. O zaman nə bilərdilər ki, böyük yanğı və həsrətlə tərk etdikləri doğma yurdlarının azad olunmasında 29 il sonra oğulları qəhrəmancasına iştirak edəcək.
Rəşad 17 yanvar 2020-ci il tarixində həqiqi hərbi xidmətə çağırılıb. Qazimiz rabitəçi olmasına baxmayaraq, müharibə başlayandan yaxın dostu Rəşad ilə ön cəbhədə Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. 30 sentyabr Füzuli uğrunda gedən döyüşlərdə minamyot partlaması nəticəsində qarın nahiyəsindən ağır yaralanan Rəşad vəziyyəti ağır olsa da yaralı olan digər dostu Rəşadı döyüş bölgəsindən xilas edib. Qazimiz üç dəfə bağırsaqlarından ağır əməliyyat olub və bağırsağının bir hissəsi kəsilərək götürülüb.
Amma yenə də ağır əməliyyat, müharibənin dəhşət püskürən anları onun qamətini sındırmır, halından gileylənmir.
Rəşad deyirdi: “Boğazımızda künyə var idi ki, nəsə olsa künyəmiz ilə tanınaq. Heyif ki, üç gün müharibədə iştirak edə bildim. Əfsuslar olsun ki, çox şeyi unutmuşam.” Bunları söyləyərkən Rəşadın boğazındakı künyə hələ də, yerində idi.
Biz Rəşadgilə Birinci Qarabağ veteranı Hüseynov Yalçın ilə getmişdik. Hər iki qəhrəmanımızla Qarabağ müharibəsi haqqında həmsöhbət olduq.
H. Yalçın dedi: “Bizim yarım qalan işimizi siz bitirdiniz!
Beləliklə, daha bir səmimi ailə və səmimi qazi ilə tanış olduq. Nə qədər ki, vətənimizin belə fədakar, igid, qorxmaz oğulları var, torpağımız düşmən tapdağından uzaq olacaqdır.
Allah sizdən razı olsun, əziz qazilərimiz!