Ən ülvi duyğudur Vətən sevgisi…
Rəşadətli ordunun igid oğulları sayəsində azaddır bu torpaq, bütövdür Vətən!
Azərbaycanın igid oğullarından biri də 2001-ci ildə Sumqayıt şəhərində anadan olan Salik Abbasovdur.
O, 2020-ci il yanvarın 27-si həqiqi hərbi xidmətə çağırılıb.
Salik Vətənə borcunu Goranboyun Tapqaraqoyunlu kəndində ödəməyə başlayıb.
Salik gülərüz, tərbiyəli olmaqla yanaşı yüksək vətənpərvərlik hissinə sahib günü bu gün də vətənin müdafiəsinə hazır olan qorxmaz, mərd oğuldur.
Ailədə iki qardaşdılar.
Qazimizin anası Cəmalə xanımın çox zəhmətkeş və Vətənini sevən bir qadın olduğunu görəndə “vətənpərvərlik ana laylasından başlayır” fikri canlandı qəlbimizdə, dilimizdə..
2012-ci ildən Kimyaçılar qəsəbəsində yaşayan ailənin böyük oğlu da bu ilin aprelində ordu sıralarından tərxis olunaraq evə qayıdıb.
İki qardaş bir-birinə çox bağlıdır. Onları bir-birinə bağlayan ən böyük qüvvə Vətən sevgisidir.
Salikgilin ev şəraitləri yaxşı vəziyyətdə deyil. Ev çox soyuq və nəmişlikdir.
Salikin qolu yelizarov aparatındadır. Və o soyuq ev Salikin səhhətinə pis təsir edir.
Evi qızdırmaq üçün kombi qızdırıcısına ehtiyac var.
Evdə tək ana işləyir, 160 manat gəlirlə evi idarə etmək çox çətindir.
Salik maşın elektriki peşəsini öyrənib. Cəbrayıl qaçqın məktəbində təhsil alıb. Ana oxuduğu məktəbdən heç kimin Saliki ziyarət etməməsinə çox üzülürdü.
Ailə ilə çox səmimi söhbət etdik. Əfsus ki, Salik də diqqətdən kənar qalan qazilərimizdəndir.
Ana oğlunun evə çıxarılandan sonra səhiyyə tərəfindən nəzarətdən kənar qaldığını və şahid olduğu bəzi haqsızlıqlardan şikayət edib. Bundan sonra Salikin yanına dövlət idarəsindən gələn olub.
Salik müharibəni xatırlayaraq dedi: “Yanımda çox yoldaşlarım şəhid oldu. Onları elə görmək dəhşət idi. Orada ab-hava fərqlidir, heç nədən qorxmursan. Doğma torpağını düşməndən almaqdan başqa heç nə düşünmürsən. Orada zaman da yoxdur. Hər şey ani və tez baş verir”
Salikin ailəsi bizi görəndə üzlərindəki sevinci, gözlərindəki işığı sözlə ifadə etmək çətindir. Çətin həyat görən uşaqlar böyüyəndə çox möhkəm olurlar.
Bir-birini sevən iki qardaş, gözəl, gənc ana bir də Vətənə sonsuz məhəbbət. Bu 3 anlayışı bir arada gördükdə, bir daha aydın oldu ki, 44 günlük Haqq davasında qələbəmizə aparan səbəblərdən biri də belə sarsılmaz, yenilməz mənəvi bağların olması idi.