Şəhid Vüqar Sarıyev

Şəhid Vüqar Sarıyev

Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə”. (Şüəra 84)

Yaxşı ad qazanaraq gələcək nəsillərə örnək olan şəhidlərimizə salam olsun. Haqq savaşında haqqa qovuşanlar qurtuluşumuz, yeni üfüqlərə açılan sabahımız və ən gözəl mirasımızdır.

Növbəti qəhrəmanımızı tanımaq adı ilə Aran bölgəsinə yollandıq.

Qəhrəmanın ailəsindən 29 yaşında şəhadətə qovuşan, evin mərd, istəkli, hörmətli oğlunun həyat yolunu dinlədik.

Biləsuvar rayonunun Amankənd kəndində anadan olan Vüqar həmin kəndin tam orta məktəbini bitirdikdən sonra peşə təhsilini alır. Hələ gənclik çağında vətən eşqi könlündə taxt qurur Vüqarın.
Millət naminə mübarizə aparmağı, torpağa, elinə sadiq qalmağı özünə həyat qayəsi seçir. O zirvənin övladı olaraq bizim əbədi mirasımıza çevrilir.

Vüqar həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murov dağı yüksəkliyində
vətənə xidməti davam etdirir. İllərdir vətənin keşiyində şərəflə duran igid elə bu qəhrəmanlara şahid olan Murov dağında döyüşlərə qatılır.

O, Talış kəndi, Cəbrayıl, Füzuli, Laçın rayonları istiqamətində gedən döyüşlərdə rəşadət və şücaət rəmzi olur. Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən oruclu halda qəhrəmanca şəhidlik
zirvəsinə ucalır.

Vüqar 2 oğul, 1 qız övladını və göz bəbəyi kimi qoruduğu vətənini bizə əmanət qoydu.

Bitib-tükənməyən qürur hissi ilə dinlədiyimiz qəhrəmanlıq hekayəsinin yaratdığı ülvi duyğular içində başqa bir dastanı oxumaq diləyi ilə ailəmizlə xüdafizləşdik!

Allah bizi şəhidlərimizin məqamına layiq etsin!