Şəhid baş gizir Naiq Ələkbərov

Şəhid baş gizir Naiq Ələkbərov

Şamaxının şahidi.
Ələkbərov Naiq Faiq oğlu 1994-cü ildə Şamaxı rayonunun Bağı kəndində hərbçi ailəsində dünyaya göz açıb. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirib, amma ömrünü kəşfiyyatçı kimi Milli Ordumuzda qulluğa həsr edir. Yüksək mənəvi dəyərləri və cəsurluğu ilə fərqlənən Naiq baş gizir vəzifəsində Füzuli uğrunda gedən döyüşlərdə 9 oktyabrda şəhadətinə qovuşub. Son nəfəsində “oğlum Öməri məktəbə yollaya bilməyəcəm, şəhid oluram” deyib uca məqama yüksəlib. Baş gizir Naiq ağır kəşfiyyat əməliyyatlarında bir neçə dəfə yüksək məharətlə ordumuza vacib məlumatlar toplamaqda yardım edib. Təhlükəli vəziyyətlərdə öz əsgərlərini düşünərək arxada qalıb onları qoruyurmuş. Hər silahdaşının sevimlisi olub. Bununla bərabər gözəl insan, xeyriyyəçi, sədaqətli həyat yoldaşı, 3 övladına qayğıkeş ata, valideynlərinə isə qədirbilən oğul olub.
“Cığır” qapısını döydüyü hər şəhid ailəsinin evində torpağımızda necə mərd oğullar və onları yetişdirən necə vətənpərvər valideynlər olduğu ilə rastlaşanda fikirləşirik ki, belə torpaq uğrunda ölməyə də, yaşamağa da, döyüşməyə də həqiqətən dəyər!