10 yanvar 2021-ci il tarixində “Gözəl düşüncə” layihəsi uzun aradan sonra yenidən təfəkkür əhlinin görüşünə gəldi. Bu dəfəki “Gözəl düşüncə” Edinburq Universiteti, Riyaziyyat fakültəsi, 4-cü kurs tələbəsi, eyni zamanda aktiv “Cığır” könüllüsü Əminə Hüseynlinin təqdimatında “Xəta anlayışı – Quranda və Riyaziyyatda” mövzusu ətrafında baş tutdu. Xəta və səhv arasındakı fərq nədir, xəta bizlərə nəyi öyrədir, həyatımızdakı xətaların önəmi və bu kimi bir sıra maraqlı sualların axtarışına doğru çıxdığımız birgə yolçuluqda xətanın fərqində olduğumuz və onu düzəltməyə çalışdığımız müddətcə onun bizi kamilliyə apardığını, əksi olduqda isə xətanın səhvlərə və həyat maneələrimizə çevrildiyinin fərqinə vardıq. Quran və riyaziyyatın qarşılıqlı sintezi nəticəsində maraqlı nüanslar ortaya çıxdı.
“Daha çox düşünmək, fərqli düşünmək, daha çox müşahidə xətanı minimallaşdırır. Xətamızı xatırladan insanlara borcluyuq”, “Model sənin həqiqəti görmək səviyyəndir-inkişaf edib daha çoxunu gördükdə modelinin əslində məhdud olduğunu anlayırsan. Xəta gözümüzü açır”
Müəllim, şagird və tələbələrin qarşılıqlı diskusiyası nəticəsində gözəl fikirlərin ortaya çıxması ilə aydın oldu ki, xətalar bizi həqiqətə aparan vasitədir.
Unutmağın xətaları səhvə çevirdiyini, bu səbəbdən də daim xatırlamalı olduğumuzu öyrəndiyimiz bu görüşdə iştirakçıları maraqlandıran bir sıra suallar da cavablandırıldı.