Qazimiz Nicat Əhmədovu ziyarət etdik.

Qazimiz Nicat Əhmədovu ziyarət etdik.

Hər yeni günün qəhrəmanları qəlbimizdə və zehnimizdə tam fərqli bir yer alır. Yaşadığımız 44 günlük müharibədə millətimiz inanılmaz birlik, sədaqət və əzm nümayiş etdirdi. “Cığır”ın döydüyü hər qapıda  qonaqpərvərlik, hörmət və qayğı ilə rastlaşdıq. Heçbir itki acısı millətimizin ədəb, diqqət və qonaqpərvərliyini azalda bilmir. Həqiqətən baş əyib böyük ehtiram və heyranlıqla  bütün dünyaya etiraf edirik: Nə gözəl millətimiz var!!!
Qəhrəman böyüdüb boya başa çatdıran vüqarlı analarımız, qar kimi ağ saçlı dəyanətli atalarımız, sizə borcumuz var.  Verdiyiniz tərbiyəyə, aşıladığınız vətənpərvərliyə heyran oluruq.
Bənzərsiz ömür əsərləri həyat kitabının növbəti səhifəsində “Cığır”ı yeni bir igidlə tanış edir. Nicat Əhmədov  yenicə hərbi qulluğa çağırılan kimi müharibə başlayır. Nicat Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə qazi olur. Hər iki ayağından ağır yara alır və 2 dəfə əməliyyat keçirir …..  Bir neçə xəstəxana dəyişir. Artıq 2 həftədir yataqdadır və gəzmir.
Onun Azərbaycan sevgisinə şahid olduq. Fikrində ancaq Vətənin bölünməz vahid bir dövlət olmasını arzu edir. Nicat bu müharibə  bitməsəydi sağalan kimi dərhal geri cəbhəyə dönmək istəyirdi. Öz dostlarının igidliyinin və zəfər naminə canlarından keçməsinin şahidi olub.
Nicatın qəhrəmancasına döyüş meydanını tərk etməsini əməliyyat zamanı çıxarılan qəlpələrdən başa düşdük. Çox sevindik ki, bizim “Cığır”ın əmanətlərinə nümunə ola bilən  Nicat kimi neçə-neçə igidlərimiz var.  Sağollaşarkən Nicata dua etdik. O isə bizə ən böyük arzusunun şəhid olmaq olduğunu etiraf etdi. Həyat davam edir, əzizimiz  Nicat, deməli deyəcəklərin və görəcəyin işlər hələ bitməyib. Sənə savaba, xeyirə şahidlik edən ömür diləyirik.