Şəfaətçi, şahid, təbib…
1981-ci il təvəllüdlü Eldar Abdullayev Azərbaycan Tibb Universitetinin hərbi fakültəsini bitirdikdən sonra ömrünün 22 ilini ordumuza xidmət edib. Hər yeni tanış olduğumuz şəhid evində Azərbaycan torpağında necə gözəl insanların doğulduğunu bilərək heyran oluruq. Yüzlərlə qəhrəmanın yetişdiyi məkan heç vaxt heç bir düşmənə təslim ola bilməz!
Müharibənin ilk günündən hərbi həkim vəzifəsini yerinə yetirən şəhidimiz şəhidliyi bir zirvə bilirdi və çox arzulayırdı. Çox cəsur, qorxmaz idi, heç bir çətinlik və ya maneə onun qarşısını kəsə bilməzdi. Yaralıları çiynində daşıyıb onlara yardım edirdi. Son döyüşü olan Hadrutda 21 yaralı gətirdikdən sonra yenidən döyüş meydanına dönüb və düşmən əsgər ilə üz-üzə gələrək, yaxın məsəfədən vurulan güllədən yaralanıb şəhid olmuşdur. Həyat yoldaşı Fatimə xanım Eldarı ona və yaxınlarına qarşı əsl dost, övladlarına qayğıkeş ata, qohum-qonşuya qarşı yardımsevər insan kimi tanıtdı… Vətənpərvər, mərhəmətli şəhidimiz 2 qızına lay-layı da cəbhə mahnıları ilə söyləyərmiş. Fatimə xanım şəhidimiz haqqında “Eldar mənə həm ata, həm ana, həm qardaş idi, sözün əsl mənasında həyat yoldaşım idi, hərşeyim idi. Anam kimi körpələrə baxmaq üçün dəstək olurdu mənə, 18 oktyabrda, toyumuzun 11 illiyində şəhid oldu.” dedi.
2 aydan sonra Eldar və Fatimənin dünyaya Ahu adında üçüncü qızı gələcək. O, atasının Vətəninin bütövlüyü uğrunda canını qurban verərək ona miras qoyduğu azad torpaqlarda dünyaya göz açacaq və yaşayıb yaradacaq. Ruhun şad olsun, əziz şəhid təbibimiz.