Varis olan övlad…
Ömür var bir çay kimi ətrafına həyat verir. “Cığır” MDİD İB bu dəfə də yeni bir şəhid ailəsinin qonağı oldu. Qapıya yaxınlaşdıqda üzərindəki lövhədə qızıl hərflərlə “Şəhid kapitan-leytenant Həşimov Fərruxun evidir” yazısı ilə qarşılaşıb xanımı Fərqiyyənin ona və vətəninə dərin hörmətini və ehtiramını gördük. Fərrux 1988-ci il təvəllüdlü çox təcrübəli, cəsarətli, bilikli və artıq ömrünün 10 ilini hərbidə keçirən peşəkar kapitan-leytenant rütbəsində qulluq edirdi. Ürəyi böyük Fərrux daim ona həvalə olan əsgərləri düşünür, hər birini qardaş kimi sevirdi. Şəhid olmaq onun arzusu idi. Övladlarına: “siz qəhrəman övladı olacaqsınız, atanızla şəhidlər xiyabanında görüşüb, mənimlə söhbət edəcəksiz.” – deyərdi. Növbəti təlimlərdə paraşütlə atlananda ayağı zədələnmişdir. O, aldığı travmanı gizlədib heç kimə bildirməmişdi. O qorxurdu ki müharibə başlasa onu cəbhəyə qoymazlar, özü sarıq qoyub dərman sürtərmiş… Cəbhəyə yola düşərkən sevimli Fərqiyyəsinə: “Bəlkədə hamı ailəsinə var dövlət qoyur gedir, mən sənə ana bacımı və övladlarımı vəsiyyət edirəm. Ruhum sizinlədir…”
Fərrux kəşfiyyatçı olub və tutduğu işin nə qədər çətinliyini ölümün necə yaxın olduğunu hər keçirdiyi əməliyyatda hiss edirdi. Əslən Qubadlılı idi. “Mən Qubadlını alacam!” – deyə həyat şüarı var idi onun. Əsgərləri qoruyur, canı bahasına olsa belə yaralı əsgərləri döyüş meydanında buraxmır, onlara yardım edirdi. Xocavənddə kəşfiyyat əməliyyatında Fərrux və yaxın dostu bərabər snayper gülləsindən dünyasını dəyişərək şəhid olur. O evə arzuladığı kimi – yaralı yox, şəhid kimi dönür. Fərqiyyə xanım “Fərrux həyatda bir qadının arzuladığı hər şeyi mənə verib, heç vaxt xətrimə belə dəyməyib. O həmişə mənim qəhrəmanım olub, indi isə o millətinin də qəhrəmanıdır”.
İki gözəl oğlu və qızı bizlərə əmanət qaldı. Fərrux Həşimov övladlarına “Siz mənimlə fəxr edəcəksiniz” deyirmiş…. Əziz Şəhidlərimiz, biz hamımız sizinlə fəxr edirik! Sizlərlə bir hava udduğumuz üçün, bir torpaqda doğulub yaşadığımız üçün fəxr edirik! Ruhunuz şad olsun, şəhidlər, Qələbə bizimdir!