Mehriban və utancaq…
Şəhidin var, “Cığır” ailəsi!
19 yaşlı əmanətimiz Eissavi Muhamməd doğma torpaqlarımızı işğaldan azad edərkən şəhadətə qovuşub. Allah birini sevirsə onu başqa insanlara da sevdirir. Və ətrafdakı insanlar onu sevirsə deməli, Allah da onu sevir. Allah sevdiklərinə ən uca məqamı nəsib edir. Haqqa şahidlik şəhidlik zirvəsidir.
Bizim şəhidimiz Muhamməd oxuduğu məktəbdə, yaşadığı məhəllədə, müəllimləri, şagirdlər və dostları arasında olduqca qayğıkeş, çox səmimi və hörmətcil bir insan kimi rəğbət qazanıb. Hər kəsin qəlbində Muhammədimiz mehriban, həyalı və səmimi oğlan kimi yaşayacaq. Bərabər keçdiyimiz dərslərdən, yola çıxdığımız səyahətlərdən yaddaşlarımızda qalan unudulmaz anlar bizlərə Muhammədin necə gözəl insan, kişi xarakterli olduğunu daim xatırladacaq.
Rabitəçi olan Muhamməd Ağdam ətrafındakı döyüşlərdə sahib olduğu yeganə sərvətini – canını vətənə qurban verdi.
“Cığır” Mənəvi Dəyərlərin İnkişafina Dəstək İB olaraq yeniyetmə oğlanları həmişə Biləsuvar şəhərinə, qəhrəman şəhidimiz M.İbrahimovun evinə ziyarətə aparırıq. Şəhidimiz Mübarizin atası hər səfərimizdə əmanətlərimizə onun Vətən eşqindən söyləyib uşaqlara Vətənin dəyərini bilməyi, yaxşı oxumağı tövsiyə edir. İndi Muhammədimiz şəhadət zirvəsini igid Mübarizlərimizlə paylaşır. Şəhadətin mübarək olsun, əziz dostumuz.