Şuşaya ilk ayaq basan şəhidimiz Daşdəmir Paşayev.
Hərbçi olmaq, Vətənin keşiyində durmaq, doğma el-obasını düşmənlərdən qorumaq istəyi Daşdəmirin qəlbində uşaqlıq yaşlarından başlayıb.
8-ci sinifi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Liseyi bitirdiyi ildə Ali Hərbi məktəbə daxil olur. Ürəyi daima vətənpərvərlik hissi ilə döyünən Daşdəmir yaşıdları arasında seçilib, fərqlənib. Ali Hərbi məktəbi bitirdikdən sonra Baş leytenant rütbəsi ilə İsveçrədə xüsusi təyinatlı kurs keçir. Xüsusi təyinat kəşfiyyatçısı dərəcəsini alır və könüllü olaraq hərbidən tərxis olunur. Ehtiyatda olan zabit kimi müxtəlif sahələrdə çalışır.
Vətən müharibəsinin başladığı ilk günlərdə könüllü olaraq orduya getmək üçün dəfələrlə hərbi komissarlığa müraciət edir. Dörd azyaşlı övladı olduğuna görə müraciəti qeydə alınmır. Sonda əmir verilir və döyüşlərdə iştirak edir.
Şuşaya ilk ayaq basanlardan biri olan Daşdəmir Paşayev noyabrın 8-də qəhrəmanca şəhid olur.
Şəhid anası ilə söhbətimizdə oğlunun getməmişdən qabaq elə bil müharibəyə yox toya, bayrama gedərcəsinə sevincli, şən olduğundan bizlərə bəhs etdi.
“Torpaqdan pay olmaz”,- deyib, ömürdən pay verən şəhidimiz, ruhun şad olsun!