Qazi Həsən Yaqubov

Qazi Həsən Yaqubov

“Heç bir əngəl Vətənini qorumaq üçün güclü bir Azərbaycan əsgərinə mane ola bilməz.”
Qazi Yaqubov Həsən 1988-ci il aprelin 27-si Sumqayıtda anadan olub. Gənc yaşlarından idmanla məşğul olmağı sevir.
Həsən deyir: “Müharibə başlamadan öncə yuxuda qurduğumuz pusquları, döyüşü görürdüm. Həyatda da yaşadım. Yuxuda gördüklərim bir-bir reallaşdı”.
Həsən müharibə başlayanda könüllü olaraq hərbi komissarlığa yollanır, lakin səhhətində yaranan problemlərə görə geri qaytarılır.
Bu problem aradan qalxan kimi oktyabrın 5-i müharibəyə yollanır.
Onun dəstəsini əvvəlcə Ağcabədiyə göndərirlər, ordan isə bölünərək birbaşa Qubadlıya piyada-sanitar atıcı olaraq yola düşür.
“Biz Qubadlıda ural maşını ilə atışma yerinə gedərkən yolda saxladılar və maşının göründüyü üçün hədəf ola biləcəyini bildirdilər. Beləcə piyada yola düşdük, amma çox çəkmədi ki, olduğumuz yer topla vuruldu. Topun dalğası məni yerə çırpdı və ilk kontuziyamı orda aldım. 2 gün dağda qaldıq, daha sonra Qubadlı briqadasına qoşulduq. Yenidən məntəqə vuruldu. 2 dəfə də minamyot partlaması nəticəsində dalğa məni vurdu. 3 gün də orda qaldıq. Mənim dilimdə güclü kəkələmə yarandı. Beləliklə, Qubadlıda keçici olaraq bilinən Gəncə hospitalına göndərildim.”
Qazi Həsən bütün yaşadıqlarına bunları da əlavə edir: “Hələ eləmədiklərimiz qalıb. Tam qisasımı ala bilmədim. Antiterror əməliyyatına çağırsalar gedəcəm!”
Qazi Həsən orada onu öz bədəni ilə güllələrdən qoruyan Novruz dayıdan bəhs etdi. Yurdumuzun oğullarına, igid əsgərlərinə bir ata qayğısı ilə yanaşan, öz həyatlarını heçə sayan insanlarımız var!
Həsən 2 medalla təltif olunub: “Cəsur döyüşçü”“Qubadlı uğrunda”.
Hər qazi yeni insan, yeni qəhrəmanlıq deməkdir.
Sağ olsun Azərbaycanın fədakar, mərd oğulları!