Qazi Qəhrəman Ağacanov

Qazi Qəhrəman Ağacanov

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq mübarizəsi və böyük zəfər ordumuzun döyüş əzmini istər düşmənə, istərsə də bütün dünyaya sübut etdi. Bu müqəddəs savaşın yenilməz qəhrəmanları ilə tanış olduqca igidlərimizə şahid oluruq.
Adı kimi özü də qəhrəman olan, Vətən sevgisindən güc alan qazimiz Ağacanov Qəhrəmanı ziyarət etdik.
O, 24 oktyabr 2000-ci ildə Sumqayıtda anadan olub. Uşaq yaşlarında xəstəlik nəticəsində anasını, daha sonra 16 yaşında atasını itirib. Qəhrəman özündən 3 yaş böyük qardaşı ilə birgə qalır. Bundandır ki, iki qardaş bir-birlərinə çox bağlıdırlar.
Qəhrəman iyulun 3-ü 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılır. Ağacabədidə xidmətə başlayır. Müharibə başlayanda Füzuliyə göndərilib, artilleriya topçusu olub. Qazimiz Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. İgidimiz döyüş zamanı verilən bütün təlimatları yerinə yetirmiş və komandirin bütün əmrlərinə əməl edərək nümunəvi əsgər olmuşdur.
Həmsöhbətimiz: “Cəbrayılda düşmənin hərbi hissələrini məhv etdik”,- fəxrlə deyirdi.
İgid döyüşçümüz keçdiyi döyüş yolundan danışmaq istəmirdi, deyirdi: “Bu mənim borcum idi. Verdiyim borc haqqında necə danışım?!”
Qəhrəman az danışsa da çox iş görmüş, işini əməli ilə sübut edən qəhrəmanlarımızdandır.
Cəsur savaşçı 8 noyabr-Şuşanın azad edildiyi gün yaralanıb. Minaatanın qəlpəsi sağ almacıq sümüyünü dağıdıb və başından qəlpə yarası alıb.
Bu kiçik yaşda böyük ürək sahibi olan, gələcək nəsillərə qəhrəmanlıq salnaməsi buraxan igidlərimiz, bizim fəxrimizsiniz!