“Cığır” MDİD İB vətənimizi diyar-diyar dolaşaraq qəhrəman oğulları ilə tanışlığı davam etdirir.
Bu dəfə ünvanımız Şəki şəhərindən olan leytenant Fərid İzzətlinin evi oldu. Qapımızı şəhidimizin gülərüzlü, mehriban 3 yaşındakı oğlu Səid açdı. Atasının şəklinə baxıb “dədə buradadır”- deyən Səid bizlərə çox dərin bir məsuliyyəti bir daha xatırlatdı: Yüzlərlə Fərid kimi şəhidimizin öz canını, ailəsini, gələcəyini Vətən üçün, bizlərin hüzur və rahalığı üçün qurban verməsini…
Fərid İzzətli layiqli oğul, qeyrətli ata, qayğıkeş həyat yoldaşı, sadiq vətən keşikçisi kimi dəyərləri özündə birləşdirərək bizlər üçün doğru cığır açanlardan idi.
Fitrətən çox vicdanlı, ədəbli şəhidimiz Cəbrayılın Hadrut qəsəbəsi, Füzuli, Zəngilan və Xocavənd ətrafındakı döyüşlərdə 1 dəfə yaralanmasına baxmayaraq, vuruşmağa davam etmişdir. “Torpaqların alınmasını oğluma saxlaya bilmərəm!”-deyən, çoxsaylı medallarla təltif olunmuş Fərid İzzətli oktyabrın 21-də Xocavənd döyüşlərində saat 13:35-də şəhidlik zirvəsinə ucalıb.
Şərəfli həyatı yolu və ibrətli şəhadəti leytenant Fərid İzzətlini daim qəlbimizdə yaşadacaqdır.
Üzərimizə düşən məsuliyyəti onların açdığı cığır ilə yerinə yetirmək hər birimizin borcudur.
Allah şəhidlərimizə rəhmət etsin!