Şəhid Rasim Mustafayev

Şəhid Rasim Mustafayev

Oğuz rayonunun Xaçmaz kəndindən olan şəhidimiz Rasim Mustafayevin ailəsində qonaq olduq.

Səfərbərliklə müharibəyə yollanan şəhidimiz Kəlbəcərdə Murov dağında şəhid olub.

Oğlu kimi özü də qəhrəman olan anamız ilə gözəl və səmimi söhbətimiz bizdə çox ülvi hisslər yaratdı.

Məşəqqətlə övladını böyütmüş ananın oğlunun şəhidliyi ilə qürur duyduğu üçün bütün dərdini içində gizləməyə çalışan duruşu vardı.

Biz onları bütün millət adından təşəkkür edib qucaqlayanda o qürurlu duruşun arxasında həssas, kövrək biri olduğunu hiss etdik. Sanki ana illərin ağırlığını ağlayaraq boşaltdı içindən…

Şəhidimiz əvvəllər şəkər xəstəsi və görmə əngəlli atasına baxdığı üçün işləmirdi. Müharibə vaxtı milləti üçün xəstə atasını, dərdlərlə yüklənmiş anasını, yeni ailəsini və 1 yaşında oğlunu qoyub öz canını fəda edən şəhidimizin bizlərə əmanət qoyduğu övladlarına sahib çıxmaq borcumuzdur.

Mehriban və sevgi dolu bu ailənin ehtiyacı olan tək şey onlara daim yanlarında olduğumuzu hiss etdirməmizdir ki, sevdiklərinin qayğılı, diqqətli və dərdi olana həssas millət üçün canını fəda etdiyini görüb dərdli halları şükür duyğusu ilə əvəzlənsin.

Qəhrəman şəhidimizin haqqa şahidliyi mübarək olsun!