Şəhid Zabil İbadzadə

Şəhid Zabil İbadzadə

Qələm heyrətlə baxar yazılan cümlələrə.
Şəhiddən yazmasının qüruru ilə sükunətə qapılar.
Bəzən o da aciz qalar vəsf etməkdə şəhadət zirvəsinə ucalan şəhidi…

Qəhrəmanlar sorağında gəzə-gəzə Lənkəranın şəhid ailələrini ziyarət etmək niyyətinə düşdük.
Ürgə kəndinin dastan yazan oğlu İbadzadə Zabilin ailəsinə qonaq olduq.

1996-cı ildə bu kənddə dünyaya göz açan Zabil 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılır və vətənə xidməti uğurla başa vurub geri qayıdır.

Vətənin oğlu olmağı yalnız igidlər bacarar. Zabil də elə igidlərdən idi. Ailəsi deyir ki, Zabil bir an belə tərəddüd etmədən cəbhəyə yollandı. Gənc yaşında Vətəninə sadiq və vəfalı dost oldu.

“Torpaqlarımızın azad olunmasında mənim də payım olsun, əsgər yoldaşlarıma dəstəyim dəysin”- niyyətilə döyüşə yollanan Zabil bizə könüllülük missiyamızı çox gözəl xatırlatdı.

Onun millətinin şərəf və namusunu, haqqı, ədaləti qorumaq istəyi illərdir “Cığır” ailəsi olaraq özümüzə həyat amalı seçdiyimiz könül işimizi təcəssüm etdirdi.

İgidimiz yurdunun ən çətin anında könüllü şəkildə cəbhəyə yollanaraq Füzuli və Qubadlı istiqamətlərində qəhrəmanca vuruşur. Qubadlı döyüşləri zamanı yaralanmasına baxmayaraq, mübarizəyə davam edir və noyabrın 5-i şəhidlik məqamına ucalır.
Hələ bundan illər əvvəl Aprel döyüşlərində də dilində Vətən kəlməsi, qəlbində haqq sevgisi ilə sıx cərgədə sipər olmuşdu Zabil.

Vətən qəhrəmanı bizlərə dəyərli övladını əmanət qoydu.

Hansı sözlərlə izah etmək olar Zabilin Vətənə olan sevgisini?!
Qəflət zəncirlərini qıraraq aydınlığa cığır olan şəhidlər!
Millətimizə ən gözəl qəhrəmanlıq salnaməsi miras qoydunuz. O salnamə ki oxumaqla heç vaxt bitməyəcək, yeni doğuşlara üfüq olacaq!