Mərhəmət, dostluq, qayğıkeşlik Azərbaycan xalqının damarında axan qan kimidir.
Şəhidlərimiz bu duyğuları daha da möhkəmləndirərək bizə dəyərlərimizi xatırlatdı.
1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olan, tarixə adını şəhid olaraq yazdıran Xəyal Məmmədovun ailəsini ziyarət etdik. 1993-2001-ci illərdə Şəki şəhərində 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi təhsilini aldığı müddətdə bir sıra dövlətlərdə təlimlərdə olub.
Xəyal Məmmədovun anası deyir: “Oğlum uşaqlıqdan işğal olunmuş torpaqları azad etmək istəyirdi”.
Qələbəmizdə payı olan Xəyal Məmmədovun əsgərləri, döyüş yoldaşları hər zaman deyir: “O heç vaxt irəli deməz, hər zaman arxamca irəli deyərmiş”.
Şəhidimizin 2 qızı bizə ondan əmanət qaldı.
Xəyal Məmmədov oktyabr ayının 20-də döyüşlər zamanı qəhrəmancasına şəhid olur.
Qəhrəman Xəyalın evi, sözün əsl mənasında haqq qoxusu, əmanət istiliyi ilə bütünləşmiş mərhəmət mənzilinə bənzəyirdi, o mənzil ki ora hər dəfə ayaq basdıqda şahidliyin gözəlliyini hiss edəcək və deyəcəyik:
“Onlarla bədənə can verən Xəyal, şəhidlik zirvəsinə ucalmaqla minlərlə ruha yeni bir azad nəfəs verdin. Bu azad nəfəsi sonsuzadək yaşatmağa ümid və dua edir, borcumuz bilirik”.