Şəhidlik hünər və qeyrət simvoludur.
Birliyimizin könüllüləri artıq ikinci dəfədir ki, şəhid baş leytenant Samir Şükürovun ailəsini ziyarət ediblər.
Samir Şükürov 1974-cü ildə noyabrın 7-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Vətənpərvər, mərd, zəhmətkeş şəhidimiz 1996-cı ilə qədər “Birinci Qarabağ” müharibəsində qəhrəmancasına torpaqlarımız uğrunda mübarizə aparır. Samir Şükürov “İkinci Qarabağ” müharibəsinə də könüllü olaraq qoşulur. Ancaq noyabr ayının 9-u Şuşa şəhəri uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalır. O, övladlarını, uğrunda canını qurban verdiyi vətəninin xalqına əmanət edib. Şəhidimizin əmanətlərinə sahib çıxmaq hər birimizin borcudur.
Şeirə, ədəbiyyata bağlı olan şəhidimizin ən böyük arzusu yazdığı şeirlərini toplayaraq kitab nəşr etdirmək olub. Bir şeirində yazıb: ” Elə ömür istərəm ki, gül tək solmasın”. Şəhidimizə qəlblərdə heç vaxt unudulmayacaq istədiyi kimi ömür nəsib oldu.
Mənim qəhrəmanım, mənim atamdır-deyən balaca oğlu da atasıyla bütün qəlbiylə qürur duyur.
Şəhidlər ölmürlər, onlar qəlbləri vətən eşqi, sevgisi ilə döyünən xalqının yaddaşlarında yaşayırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları unutmayacaq və unutdurmayacağıq.