Təhmasib şəhidimizin ailəsi milli dəyərlərimizi yaşadan, olduqca mehriban, istiqanlı və qonaqpərvər idi.
4 yaşında ailəsi ilə bərabər Cəbrayıldan çıxmağa məcbur qalan Təhmasib öz canı bahasına qədim yurdumuzu bizə qaytardı.
Bizə 1 yaşlı Faidə adlı balaca qızını əmanət qoydu. İnanırıq ki, şəhid qızımız atasının adını qürurla daşıyacaq.
Şəhidimizin bibisi deyir ki, “həmişə xahiş edirdim ki, arada əsgər geyimində kəndə gəl, lakin o, heç vaxt hərbi geyimini göstəriş üçün geyinməzdi”. Təhmasib 7 noyabrda Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalmışdır.
Qapısını döydüyümüz hər bir şəhid, qazi ailəsi bizim üçün ən gözəl örnək nümunəsidir.
Həqiqətən də, onlar gələcək üçün müstəsna mirasdır. Elə bir miras ki, nəsildən-nəslə keçər və bu bərəkət bitib-tükənmək bilməz.