Şəhid Məmmədov Elvini tanımaq və sizlərə tanıtdırmaq üçün qəhrəmanımızın ailəsinin qapısını döydük.
Şahidlik müqəddəs məqam olduğundandır ki, hər yeni ailədə şəhidimizi tanıdıqca sözlə ifadəsi çətin olan bir-birindən fərqli və dəyərli duyğular içində oluruq.
Qəhrəmanımızın ailəsilə həmsöhbət olduq.
Elvin də 27 sentyabr Vətən müharibəsinə qorxmadan, heç bir şeydən çəkinmədən, qələbə ümidilə yollanan millətimizin əziz oğullarından idi.
O, oktyabr ayında Cəbrayılda şəhidlik zirvəsinə ucalıb. Olduqca imanlı, qəlbi Rəbbi üçün döyünən örnək gənc olub: gecələr anasını ayaqlarından yavaşca öpərək namaza oyadarmış.
Hər sübh namazını məsciddə qılırmış, hamıdan xahiş edirmiş ki, şəhid olmağım üçün dua edin. Müharibəyə gedəndə anası harda olduğunu öyrənmək üçün zəng edib. Şəhidimiz “Dua etdiyiniz yerdəyəm”, -deyib.
Elvin yaxşılığı sevən, xeyir paylayan bir insan olub. Hələ sağlığında ikən gizlicə bir əmanəti himayə edərək cənnət mələklərini özünə şahid edib.
Yaşadığı kənddə körpü təmir etdirib ki, hamı ona xeyir-dua etsin. Ağac əkərək təbiəti muhsin gözəlliklə boyamağı, onun qayğısına qalmağı da sevərmiş.
Ailəsi Elvindən danışdıqca yorulmadan, fəxrlə dinləyir, millətimizə zəfər tarixi yaşadan bu insanlar və onların ailələri ilə tanışlığımız üçün Allaha sonsuz şükürlər edirdik.
Hər birinin həyatı dastan, hər birinin ömrü şahidlik imiş bu gənclərin.
Uca Allah bizi bu qəhrəmanların azad etdiyi hər qarış Vətən torpağına layiq etsin!