Vətəni qorumaq milləti və dövləti qorumaqdır. Vətəni sevmək isə təkcə torpağı deyil, onun daşını, suyunu, havasını sevməkdir. Bu böyük sevgi ilə Vətəni qoruyan, şanlı zəfərdə payı olan qəhrəmanlarımızdan biri Qazi Nəcəfov Mürşüd Müşfiq oğlunun döyüş hekayəsini dinləmək oldu bu dəfəki nəsibimiz. İgidimiz 1995-ci il fevral ayının 14-ü Sumqayıtda anadan olub.
27 oktyabr 2020-ci il tarixində qəlbinə və ruhuna hakim kəsilən haqq-həqiqəti, Vətənin torpağını, şan-şərəfini qorumaq eşqi onu könüllü olaraq ön cəbhəyə yolladı. O, Xocavənd istiqamətində vuruşub və orada 8 noyabr tarixində yaralanıb.
Cəbhədə sanitar atıcısı olan cəsur döyüşçümüz minamyotun partlaması nəticəsində yaranan dalğanın təsirindən yaralanıb, ağciyər sıxışması və kontuziyası var.
Döyüşlərdə silahının səsilə düşmənin gözünü qorxudan qəhrəmanımız Mürşüd ailədə sakit təbiətli və sadə bir insandır. Gözlərindən vətən sevgisi hayqıran gənc hərbçimizin 1,5 yaşında bir oğlu var. Bir balası da inşə Allah dünyaya gələcək.
Mürşüd ata-ana və nənəsi ilə bir evdə yaşayır. O ev mehribanlıq və hörmətlə isinən, milli-mənəvi dəyərləri yaşadan və Mürşüd kimi qorxmaz vətən fədakarı böyüdən ev idi.
Mürşüd çox danışan biri deyil. Lakin müharibəni xatırlayaraq qeyd etdi: “Başımızın üstündən minamyotlar yağanda, ancaq “Allah, Allah!”deyirdik. Müharibənin olması yaxşı oldu, çünki bizim millət qalxdı, birləşdi. Yoxsa torpaqlarımızı ala bilməyəcəkdik. Torpağın fərqi yoxdur, hansı torpaqda olursan ol, adam ol.”