Şəhid Mayor Natiq İsmayılov

Şəhid Mayor Natiq İsmayılov

Hər şəhid-qəhrəman deyəndə qəlbimiz fərəh və sevinclə dolur. Bir daha o 44 gün yaddaşlarımızda canlanır. Keçirdiyimiz həyəcan, təlaş ürəyimizdə qürur və fəxr hisslərini oyadır.
“Cığır” MDİD İB qələbənin səsini şəhid və qazi ailələrinin dilindən, onların səsi ilə canladırmaq üçün qəhrəman ailələrini ziyarət etməklə davam edir. Çünki hər ailə şanlı tarixin bir hərfi, sözü, kəlməsi, səhifəsidir. “Cığır” getdiyi ailələrdə əmanət – şəhid balalarının gözlərinin içinə baxıb sən bir qəhrəman toxumusan, “əziz balam,” demək üçün Müşviqabad qəsəbəsindəki kirayə yaşayan mayor Natiq İsmayılovun ailəsinin qonağı oldu.
Əziz xeyriyyəçilərimiz, dostlarımız, izahda sözlərin aciz olduğunu etiraf edirik…
Qapıda bizi dörd gül bala qaşıladı. 10 yaşlı Ömər, 5 yaşlı əkizlər Bəhbud və Davud bir də gözəl 6 yaşlı Gülər. Hər gün ataları haqda oxuyub doymadan şəkillərinə baxaraq “harada qaldın gəlmədin, ata” deyən əmanətlərimiz. Şəhidimizin sözün həqiqi mənasında “həyat” yoldaşı onun nə qədər fədakar, peşəkar hərbçi, həmçinin, çox həlim və qayğıkeş ata olduğunu vurğuladı. Danışarkən hakim ola bilmədiyi göz yaşları Nigar xanımın həyat yoldaşı üçün hüzünü çox dərin minnətdarlıq və sevgisini ifadə edirdi. Onun simasında Nigar həm də qardaş və ata tapmışdı. Amma Natiq İsmayılov ailəsinə olan möhkəm bağlarına baxmayaraq, Vətənin sərhədlərinin qorunması üçün canını qurban verdi…
Füzuli uğrunda gedən döyüşlərdə şəhadətinə qovuşdu və doğulduğu Qəbələ rayonunda dəfn olunub. Bəlkə, bu gün bizlər körpə gözlərə baxıb düzgün sözlər deyib qəlbimizin, vicdanımızın hisslərini düzgün ifadə edə bilmirik, amma əminik ki, tarix, millətimiz, gələcək nəsillər bizim hamımızın qəhrəmanına çevrilən mayoru unutmayacaq və yaşadacaqdır.