Şəhid Kapitan Ruhin Xəlilov

Şəhid Kapitan Ruhin Xəlilov

Tarix və ədəbiyyat kitablarında qəhrəmanlar haqqında heyranlıqla oxuduğumuz qissələri bizlər 2020-ci ildə yaşadığımız Vətən müharibəsindən sonra canlı olaraq görürük… İllərlə ətrafımızda yaşayan, metroda, küçədə, kinoteatrda, dükanda, təhsil ocaqlarında rastlaşdığımız insanların bizim çağdaşlarımız, əsl qəhrəmanlar olduğuna şahid olduq. Onların tarixi yazan yazarlar olduğunu öyrəndik, onları azadlıq savaşçıları kimi tanıdıq.
“Cığır” MDİD İB-in növbəti tanış olmağa layiq olduğu qəhrəmanı Ədliyyənin Kapitanı Ruhin Xəlilov Müzəffər oğlu oldu. Cəbrayıl rayonunun Mərzə kəndində doğulan Ruhin gözəl təşkilatçı, nümunəvi qulluqçu olaraq Ədliyyə Nazirliyində yüksək vəzifəyə layiq görülmüşdü və hələ 2020-ci ilin iyul ayında Tovuzda olan atışmalarda könüllü olaraq cəbhəyə yazılmışdı. Sentyabr ayının 27-dən cəbhəyə yola düşüb özünün doğma kəndinin azad olunmasında şəxsən iştirak etmək istəyirdi. Nəhayət, Ermənistan qüvvələri tərəfindən işğalda olan Mərzə kəndi 27 ildən sonra 5 oktyabr 2020-ci ildə işğaldan azad olunur. Vətənin azad olunmasının sevincini yaşayan Kapitan 21 oktyabr Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ruhin şəhidimizin üç gözəl övladı var. Hələ təzə ayaq açan oğlu baba qucağında oturub bacıları 7 və 5 yaşlı Qönçə və Melisa qədər dərk etməsə də, böyüyəndə mütləq rahat kabinetini qoyub, könüllü olaraq canını Vətən uğrunda qurban verən atası ilə qürur duyacaq. Həyatları boyu atalarının uca şəhidlik zirvəsi ailəsinin üzərində görünməz kölgə olub şərəf və vuraq dirəyi olacaq.