Ömrünü 34 yaşında şahidliklə başa vuran Emini zəhmətkeş, qayğılı anasından dinlədik. Atası o uşaq ikən vəfat edib və anası övladlarını min bir əziyyətlə boya-başa çatdırıb. Bütün şəhidlərimizin həyatlarını gözəlləşdirən, bir nur kimi onların qəlbində parlayan Vətənə məhəbbətdir, bağlılıqdır.
Bu ülvi hisslərin sahibi Emin məsuliyyətli, ona tapşırılan hər işi sevgilə görən, diqqətcil, qədir-qiymət bilən insan olaraq ailəsinin sevimlisi idi. Vətən qəhrəmanı da məhz belə olmalı idi.
Sevdiklərinə can yandıran, qayğı göstərən Emin üçün bu səfər Vətəninə qarşı bu hünəri göstərmək vaxtı idi. Və elə belə də oldu, o da torpağa sədaqətliliyini könüllü cəbhəyə yollanıb mübarizə aparmaqla millətinə sübut etdi.
“Vətən dardadır, ana, mən burada dura bilmərəm” deyib döyüşə yollandığı gün bu an kimi yadındadır qəhrəmanımızın anasının.
O, 22 oktyabr Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhadətə qovuşur.
Ana ürəyi nə qədər yansa da heç vaxt dilindən “Vətən sağolsun” kəlməsi əskik olmadı.
Şəhidimiz can parələri olan 2 övladını bizə əmanət qoydu.
Onun ömrü şahidliklə zirvəyə ucaldı.
Onun şahidliyi milli kimliyimizi ucaltdı.