Şəhid Valeh Əkbərzadə

Şəhid Valeh Əkbərzadə

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” missiyasını öz çiyinlərində daşıyan şəhidlərimizi tanımaq nə böyük xoşbəxtlikdir.

Şəhidimizin bizə əmanətləri olan həyat yoldaşı Cəmilə xanım və oğlu Muradla görüşüb, dəyərlilərimizi sevgi ilə bağrımıza basdıq.

Valeh səfərbərliklə birgə təlimə getmiş, noyabrın 4-ü Şuşa şəhərində baş vermiş partlayış nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Cəmilə xanımın gözlərinə baxarkən həm sevinc, həm də hüzn hiss edirdik. “Valeh necə bir insan idi?” deyə soruşduğumuz zaman fərəh və həyəcanla ondan bəhs etməyə başladı. Həmsöhbətimiz danışa-danışa düşünürdük ki, şəhidlər, həqiqətən, “Seçilmişlər” idi elə Valeh kimi…

Valeh çox sakit, əxlaqlı, imanlı, yardımsevər biri idi. Milli dəyərlərimizi ən gözəl şəkildə yaşadan, əzmli, mübariz bir qəlb sahibi idi. Övladına gözəl ata, xanımına hörmətli, sadiq həyat yoldaşı, Vətəninə isə sonsuz eşqlə bağlı idi.

Əmanəti Murada baxarkən sanki məğrur, igid, həqiqət carçısı olan Valehi görür və hiss edirdik.

O həmçinin topçu olub, öz vəzifəsini diqqətəlayiq şəkildə yerinə yetirdiyi üçün “Tərifnamə” ilə təltif olunub və elə buna görə də müharibəyə çağrılıb.

Valeh canından çox sevdi Vətənini, uğrunda özünü fəda etdi. Ən çətin yüksəkliklərdə bayrağımızı dalğalandırdı, dağ kimi durdu haqqa qarşı çıxanlara.

“Azadıq, Qürurluyuq, Vüqarlıyıq” kəlmələrini söyləməyin və yaşamağın xoşbəxtliyini millətimizə daddırdı.

Boladi kəndini şahidliyin ətrinə boyayan Valeh, miras qoyduğun torpaqların hər qarışına layiq olmağı Allahdan dua edirik!