Şəhid Osman Bayramov

Şəhid Osman Bayramov

Qəhrəmanlar unudulmur, şəhidlər ölmür.

‌Vətənimizin hər küncündə, hər bucağında bir bahar ətri qoxur. Nə xoş millətimizin halına ki, bu qoxu əbədiyyən bizimlə olacaq, çünki haqqın qoxusu birdir, şahidliyin qoxusu dəyişməzdir, qalıcıdır.
Uca Allah Biləsuvarın Ağalıkənd kəndinə də bu qoxunu lütf edib.

Şəhid Bayramov Osmanın şahidlik qoxusuna bürünmək üçün ailəsinə qonaq olduq.
Şəhidimizin ailəsi bizi çox səmimi və gülərüzlə qarşılayıb çay süfrəsində müsafir etdi. Bizə Osmanın əmanət balası- 7-ci sinif şagirdi qızı çay ikram etdi. Allahın ən dəyərliləri olan əmanətlərimizi qucaqlayıb sevgimizi duyurduq.

Osmanın ailəsi milli dəyərlərimizə hörmət bəsləyən, ədəbli və imanlı insanlar olaraq söhbətimizin ilk dəqiqələrindən könlümüzə sevgi qondurdu. Elə buna görə də Osmandan bəhs etməyə başlamazdan əvvəl biz onun necə bir şəxsiyyətə malik olduğunu təxmin etdik. Səbirlə qəhrəmanımızın qədərinə yazılan şərəfli ömür tarixinə ailə üzvləri ilə birlikdə nəzər saldıq.

1987-ci il doğumlu Osman gözəl tərbiyə, nümunəvi əxlaqla böyüyüb dəyərli gənc olur. Çox mərhəmətli, düşüncəli və insanları sevən bu gənc həm də vətənini də qəlbdən sevir.
Hər bir Vətən oğlu kimi o da vaxtı gəldikdə hərbi xidmətə yollanır. 2005-2007-ci illərdə N saylı hərbi hissədə torpaqlarımızı şərəflə qoruyur.
2020-ci il avqust ayından etibarən MAHHXHQ olaraq xidmətinə davam edir.

Ailəsi deyir ki, Osman xeyirxah idi, xeyir işlər görməkdən xoşbəxt olar, özündə olanı başqası ilə paylaşardı. O, yaşadığı evin həyətində tikilən su kanalından qonşulara su çəkdirib. Məhz bu cür səlim qəlb sahibi idi Osman.

O, salamla müharibəyə yollandı, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu, salam oldu.

Ailəsi Osmandan bəhs edərkən üz cizgilərində kədərlə fəxr hissinin qucaqlaşdığını gördük. Gözlərinə baxıb Osmanın necə mübarək məqama yüksəldiyini, şahidliyin ən gözəl lütf olduğunu bir daha dilə gətirdik.

Ruhumuza sirayət edən haqq sevgisinin qoxusu ilə dua etdik: “Allah bizə də şahid olmağı nəsib etsin!”