Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına…
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bu torpaq onların mübarək qanı ilə qurtuluşa ərdi.
Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş kapitan Vüsal Quliyevin ailəsinə üz tutduq.
Hər şəhid ziyarəti bizə dərin və unutulmaz duyğular yaşadır. 1985-ci il iyunun 5-də Lənkəran şəhərində anadan olan şəhidimiz, onun keçdiyi həyat yolu, qəhrəmanlıq hekayəsi hər birimizə örnəkdir.
İgidimiz 2002-ci ildə Lənkəran şəhəri Xarici dillər təmayüllü gimnaziyasını bitirdikdən sonra H. Əliyev adına ali hərbi məktəbə daxil olur. 2007-ci ildə məktəbi leytenant kimi bitirən gənc zabit Ağstafa, Ağcabədi, Goran, Beyləqan və Tərtərdə yerləşən N saylı hissələrdə xidmət göstərir. 2013-cü ildə kapitan rütbəsi alır.
Ailəsi, qohumları, dostları onun adından fəxr və qürur hissi ilə söz açırdı. Dillərindən süzülən hər kəlmələrində Vüsala duyduqları böyük məhəbbət, fəxr və minnətdarlıq hiss olunurdu.
Vüsal uşaq yaşlarından hərb sənətinə xüsusi sevgi bəsləyir, bu yolda peşə sahibi olub haqqı qorumağı, Vətənə sədaqəti özünə mənəvi və insani borc bilir.
Məhz bu ali keyfiyyətlərə görə ailənin hörmətlisi, övladlarının qəhrəman atası, cəmiyyətimizin də mərd oğluna çevirilir.
Atasına dünyaya gələcək qızını tapşıraraq “qızımın adını Məryəm qoyarsınız, ondan muğayat olun” deyən şəhidimiz bizə 3 vətən övladı əmanət qoydu. Bizim övladlarımız, bizim canımız.
Vüsal şəhid tarix yazdı. Millətini həsrətində olduğu Qarabağ torpaqlarına vüsala yetirdi. Vətəni sevməyi, haqqı da daim qorumağı və müdafiə etməyi bizə miras qoydu.
Qəhrəmanın ailəsi ilə söhbətimiz bizi elə ülvi hisslərə qərq etdi ki, zamanın necə keçdiyini bilmədik.
Sağ-salamat və Allahla qalın! -deyib cənub səfərindən geri qayıtdıq.