Şəhid Kəşfiyyatçı Mayor Siyavuş Kərbəliyev

Şəhid Kəşfiyyatçı Mayor Siyavuş Kərbəliyev

Hər yenilənən gün bizləri müharibədən bir az daha uzaqlaşdırır. Hadisələri daha yaxşı qiymətləndirmək üçün onu kənardan izləmək lazımdır.
“Cığır” MDİD İB şəhid ailələri və qazilərlə keçirdiyi görüşlər, tədbirlər və aksiyalar nəticəsində mərd, güclü və mərhəmət dolu igidlərlə tanışlıqdan sonra dəyərlərimizin necə müqəddəs olduğuna bir də şahid oldu.
Öncədən “Cığır”ın himayəsində olub, indi isə “Cığır” könüllülərinə çevrilən əmanət analarla bu yaxınlarda kəşfiyyat bölməsinin komandiri mayor Siyavuş Hümbət oğlu Kərbəliyevin evinə gedərkən onun iki oğlu və fədakar həyat yoldaşını görüb əsl qəhrəmanların yetişdiyi şərait və xüsusiyyətlər haqqında söhbət açdıq.
Pərvanə xanımın hərbçi həyat yoldaşı ilə keçirdiyi həyat nə qədər qısa və çətin olsa da, o, bizə xoşbəxt xatirələrindən bəhs etdi. Gözlərindəki ayrılıq həsrəti, üzündəki sakit təbəssüm ilə sevdiyi insanı təsvir etməsi, hər kəsi bir anlıq o zamankı Kərbəliyevlərin evinə apardı.
5 yaşında ikən Cəbrayılı məcburi köçkün kimi tərk edən Siyavuşun amalı, doğma yurduna ailəsi ilə birgə qalib hərbçi kimi qayıtmaq və hərbi xidmətin necə bir müqəddəs vəzifə olduğunu övladlarına aşılamaq olub. Vətənimizin birliyi, işğaldakı torpaqlarımızın azadlığı onun ən böyük arzusuna çevrilmişdir.
Şəhidimiz Ağdam, Füzuli, Cəbrayıl ərazilərində kəşfiyyat bölməsində xüsusi bacarıq sərgiləmişdir.
Mayor Siyavuş Kərbəliyev azadlığı uğrunda döyüşdüyü doğma torpağında şəhid olmağı qarşısına məqsəd qoymuşdu. Canından, qanından keçdiyi Vətən torpağında əbədi şahid olmağı…
Açdığımız hər bir qapıda illər, aylar keçsə də, Şəhidlərimizin nəfəsi hiss edilir. Bu, necə gözəl, necə sadiq bir millətin parçası olduğumuzun bariz nümunəsidir.