Şəhid Baş Leytenant Ramiq Mikayılov

Şəhid Baş Leytenant Ramiq Mikayılov

“Cığır” İB daha bir şəhid ailəsi ilə görüşdü.
25 yanvar 1993-cü ildə Şamaxının Ovculu kəndində, üç uşaqlı ailədə dünyaya gözlərini açan Baş leytenant Mikayılov Ramiq Namiq oğlu bugünkü qəhrəmanımızdır.
İgidimiz cəbhə bölgəsində xidmət etmiş, göstərdiyi uğurlar və aldığı təşəkkürlər sayəsində 27 yaşında Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
Hər zaman “Harama əl uzatmadan, haqqınla irəliləyəcəyəm”,- deyən Ramiq bunu əməlində də sübut edirdi.
Ailəsinə çox bağlı olan şəhidimiz haqqında həyat yoldaşı Könül xanım belə deyir: “O çox utancaq, həyalı, əxlaqlı və həddindən artıq xeyirsevər idi. Ata qayğısından məhrum uşaqlar və dul qadınlara olan mərhəməti onun ən üstün dəyərlərindən idi”. Ramiqin həssaslığı, mərhəməti yeganə övladı olan Ağaseyiddə də özünü göstərir.
Ailəni ziyarət zamanı 5 yaşlı bir uşağın ona verilən hədiyyəni təvazö ilə qəbul edib, “Allah sizin də övladlarınızı belə hədiyyələrlə sevindirsin”,- deməsi hər birimizin qəlblərini fəth etdi.
Atasıtək həssas və qeyrətli balamız anasının da daima qayğısına qalır.
Ramiqin ən böyük arzusu tabutunun üç rəngli bayrağa bürünməsi idi. Beləliklə, o İkinci Qarabağ müharibəsində Xocavənd uğrunda gedən döyüşlər zamanı 30 oktyabr tarixində əsgər yoldaşlarını qoruyarkən şəhidlik zirvəsinə yüksəlmişdir. 
Arzuladığı kimi, şəhidimiz tabutu üç rəngli bayrağa sarılmış halda doğulduğu, böyüdüyü kənddə son mənzilə yola salındı.
İndi Qarabağda Ramiqin qanı ilə qırmızı boyasını daha da canlandırdığı üç rəngli bayrağımız dalğalanır.  O bayraq ki, Ramiq düşünmədən uğrunda canını qurban verdi!
Qurban verdi ki, bu xalq əbədi yaşasın! Qurban verdi ki, gələcək nəsillər üçün bütöv Azərbaycanı miras qoysun! 
Qəhrəmanlar can verir,
Yurdu yaşatmaq üçün…
(Nihal Atsız)