Bu gün “Cığır” MDİD İB ailəsi olaraq şəhidimiz Ziyəddin Rəşidovun anası Rəsmiyyə xanıma baş çəkdik. Ana çox mehriban və zəhmətkeş bir anadır.
Qəhrəman şəhidin qəhrəman anası ilə söhbətimiz bizi riqqətə gətirdi.
Ana Ziyəddindən, onun şücaət və igidliyindən fəxrlə bəhs etdi. Oğlunun çox tərbiyəli, qayğıkeş, həyatda özünə hər yerdə hörmət qazanan bir gənc olduğunu bildirdi.
Ziyəddin Xırdalan rayonu 1 nömrəli orta məktəbin 9-cu sinfini bitirdikdən sonra peşə məktəbinə daxil olub.
Vətənə xidmət dövründə aprel döyüşlərində fəal iştirak etmiş, yoldaşları və komandirlərinin hörmətini qazanmışdır.
Ana qəhrəman oğlu haqqında deyirdi: “Könüllü yazılan Ziyəddin çağırış gələn kimi quş kimi uçdu. Bizimlə görüşməyi belə unutdu. Arxadan çağırdım ki, bala, dayan, öpüm səni. Ötəri məni öpdü, atası yaddan çıxdı. Ana, tez qayıdacağam deyib çox sevincək qaçdı”.
İgidimiz 21 sentyabrdan etibarən təlimlərə qoşulub. 27 sentyabrda döyüşə girib. Çox bacarıqlı döyüşçü olan qəhrəmanımız 30 oktyabrda dəfn edilib. Şəhidimiz fəallığına görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunub.
Rəsmiyyə ananın böyük oğlu da Vətənə xidmətdədir. Döyüşlərdə iştirak edib.
“Hər ikisi döyüşdə olsa da, Ziyəddinin şəhadətə ucalacağını bilirdim, hiss edirdim. Ayrılıq çətin olsa da balamla fəxr edirəm“,-deyir ana.
Nur içində yat, Qəhrəman şəhidimiz!