Şəhid Orxan İsmayılov

Şəhid Orxan İsmayılov

Şəhidimiz haqqında atasının və yoldaşının dedikləri bizi heyrətləndirdi.
Könüllü olaraq cəbhəyə yollanan şəhidimiz Orxan İsmayılov Füzulidə gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və bizə Zöhrabla Ayxan adlı iki əmanət qoyaraq şəhid olmuşdur. 31 yaşında şəhidlik zirvəsini qazanmış Orxanın atası oğlu haqqında fikirlərini bizimlə belə bölüşür:
“O qədər həya sahibi idi ki, onun nəlayiq kəlmə bildiyinə şübhəm var.”
Qonşulara etdiyi yaxşılıqlar ölümündən sonra bilinmişdi.
Dənizçi olan ata “Orxanı mən deyil, anası yetişdirib.”- deyə göz yaşları ilə dolu gözləri və qəhərli kəlmələrlə övladından bəhs edirdi. Yoldaşı isə onun xeyirxahlığından danışırdı.
Şəhidimiz Orxan düşmən gülləsinə tuş gələcəyini bildiyi halda kömək istəyən yoldaşına yardım etmək üçün, yanındakıların “Səngərdən çıxma!” tələblərinə baxmayaraq “mən bu vicdanla yaşaya bilmərəm” deyərək yoldaşını xilas etmək üçün irəli atılmış, lakin güllələr onu xəbərdarlıq etdiyi yoldaşının qucağında Yaradıcıya qovuşdurmuşdu….
Son sözləri şəhadət kəlməsi və “atam bilməsin” olub..
Ailənin milli, mənəvi dəyərlərimizi qoruduğuna şahid olmaq qəlbimizi genişləndirdi.
Paylaşmağı sevən şəhidimizin böyük oğlu Zöhrab biz çıxarkən tez tələsik çəkdiyi şəkli hədiyyə etdi. Cığırın ilk şəhid əmanətinin rəsmindəki günəş sanki qəlbimizdə çəkilmişdi.
Ayxan isə elə hey sevinclə deyirdi: “Mən hərbçi olacağam…”