Şəhid leytenant Siyavuş Muradov

Şəhid leytenant Siyavuş Muradov

“Onlar orada Allah qonağıdır.” (Ali imran, 198)
Qonağın da qonağı olarmı?
“Cığır” MDİD İB şəhidlərin evinə ziyarətini davam edir. Qəhrəmanımız 1-ci Qarabağ müharibəsi qazisinin oğlu, 2-ci Qarabağ müharibəsində Vətən uğrunda döyüşən leytenant Siyavuş Muradovdur. Atası 90-cı illərin Qarabağ qazisi, veteran, fəxri ad alan Muradov Akif və çox həlim anası bizə cəsur, qorxmaz, mərd hərbçimiz haqqında danışdılar. Siyavuş ömrünün bahar çağında, 28 yaşında Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Əsl igid hərbçi, idmançı… Hündür boylu, enlikürək, güclü və mərhəmətli. Valideynləri bizi qəhrəmanımız üçün təzə tikdikləri evin qonaq otağında qonaq edərkən bizə oğulları ilə necə fəxr etdiklərini, onun Vətənini necə sevdiyini sevə-sevə danışdılar.
Siyavuşun ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi və o daim Vətən keşiyində olmaq üçün hərbçi olmağı seçmişdi. Ana Vətənin bütövlüyü uğrunda şəhid olmaq istəyirdi. Və istədiyi kimi, Azərbaycanın unudulmaz şanlı oğulları ilə əbədən çiyin-çiyinə durdu.
Bundan sonra da ruhu ilə qoruyacaq Vətəni… Axı şəhidlər ölməz!