Şəhid Elnur Abbaslı

Şəhid Elnur Abbaslı

Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Allah tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Belə qəhrəmanlarımızdan biri də evini ziyarət etdiyimiz Tərtərin Köçərli kəndinin qəhrəman şəhidi Elnur Abbaslıdır. Elnur 2019-cu il, avqust ayında müddətdən kənar hərbi xidmətə yollanıb. 2020-ci il, oktyabrın 3-də Vətən müharibəsində şəhid olub. Oktyabr ayının 8-də dəfn edilib.
Qapının önündə əsgər mundirilə, əlində avtomat bizi salamlayan Ağahüseyn… Ağahüseyn “mən əsgərəm, düşməni məhv edib atamı geri gətirəcəyəm” deyirdi. O, 4 yaşında olsa da, atasının qürur duyulacaq biri olduğunu bilirdi, əsgər paltarında qarşılamışdı bizi. Və hərşeydən xəbərsiz 1 yaşında Xanım balamız. Həyata yeni gəlib və hələ həyatın nə olduğunu anlamağa çalışır. Ata isə artıq şahid olaraq Allaha qovuşub. Belə bir ruha sahib insanın dünyaya əkdiyi 2 toxum. Uşaqlar atalarını görməsələr də, artıq onun ruhunu toxum olaraq özlərində daşıyırlar. Qohumları Ağahüseynin əlinə qələm alanda ancaq bayraq şəkli çəkdiyini deyir. Artıq bu toxumların ən gözəl halda yetişməsi üçün münbit şərait yaratmaq bizim üzərimizə düşür.
Və nurani bir baba.. Çöhrəsindəki duyğular çox qarışıq idi. Çöhrəsində həsrət, hüzn, sevinc və səmimi duyğular bir-birinə qarışırdı. Solan gözlər, təşəkkür dolu qəhərli kəlmələr…
-“Oğluma görə qapıma gəldiyinizə görə necə təşəkkür edim. Nəvələrimin sevinməyi dünyada hər şeydən əzizdir.”
Şəhidin anasının qəhrəmanlığı ayrı bir mövzudur.
Yaxın kəndlərdə, öz kəndlərində başlarının üzərindən uçan mərmilər onu heç qorxutmamışdı. Bir gün belə olsa evini tərk etmədiyindən qürurla danışırdı. Hətta bir gün kəndin bombalandığı zaman həyətlərinə düşən mərmi ilə şəhərin içində kipriklərinə qədər necə torpaq olduğundan qürurla və vüqarla danışırdı.
“Yoldaşımı bir gün də olsa tək buraxmadım. Mən niyə torpağımı, evimi erməniyə qoyub getməliyəm. Nə ermənidən, nə atdığı toplardan, nə də ölümdən qorxuram. Mən necə yataqda uzana bilərdim, əgər oğlum səngərdə yatırdısa. Həyətdəki səngərdən qorunanda yalnız güllə-baran altında olan bütün əsgərlərə dua edirdim.” Birliyimizin təsisçisi Yeganə Mirzəyevanın şəhidlik mövzusunda müqəddəs kitabımız Qurani-Kərimdən oxuduğu ayələr şəhid ailəsinin qəlbində sevinc, iftixar duyğuları yaradırdı. Allah gözəldir, öz yanına yalnız və yalnız layiq bildiyi gözəl insanları qəbul edir. Köçərli kəndi, gözün aydın olsun.
Uca yaradan qatında sənin torpağından qidalanan bir igid özündən sonra gələn şəhidlərə müjdə verir. 25 yaşında gənc şəhid xanımının
“O, çox gözəl insan idi, amma mən müsəlmanam. Onun öz arzusuna çatdığına mən də sevinməliyəm, amma ağlımla qəlbim”..
Şəhid ailəsində şəhidin öz xanımının və anasının yuxularında belə “mən ölü deyiləm, mən diriyəm, mənim üçün ağlamayın” kəlmələri onun həqiqi şəhid olduğuna bizi inandırdı.
“Mən də döyüşə gedərdim” dedi qəhrəman şəhid anası. Əziz qəhrəman ana, 44 gün müddətində Köçərli kəndini bir an da olsa tərk etməyən o ana həqiqi döyüş qazandı.
“Millətimizin şəhidimizi düşünməsi təsəllimizdir”- kəlməsini hər şəhid ailəsində eşidirdik.