Şəhid baş çavuş Əsgər Əhmədov

Şəhid baş çavuş Əsgər Əhmədov

“Cığır” İB adından hər şəhid ailəsinə ziyarətimizdə dərin minnətdarlığımızı, hörmət və ehtiramımızı çatdırırıq.

Bu dəfəki görüşmüzün qəhrəmanı Quba rayonunda anadan olan Daxili Qoşunların baş çavuşu şəhid Əhmədov Əsgər oldu.

Şəhidimizin adını fəxr hissi ilə yaşadacaq 2 oğlu, Özcan və Ömərlə tanış olduq.

Seçilmiş insanlar olaraq şəhidlərin ortaq xüsusiyyətləri, əlbəttə ki, bu şəhidimizdə də yaxınlarının onun haqqında dediyi sözlərdə özünü göstərdi.

Qəhrəmanımız Əhmədov Əsgər hər kəsin izlədiyi videoda “Mən heç nə istəmirəm. Yalnız evimin ipotekası bağlansın”- ifadəsi ilə sanki özü də şəhadətə çatacağını bilirmiş.

Xanımına dediyi söz isə onun qəlbində Vətənə məhəbbətin ayrı yer olduğunu, torpağını, millətini candan sevdiyini sübut edir.

“Əgər mən hərbçi  olmasaydım, hətta başqa ölkədə yaşasaydım belə yenə də Qarabağı azad etmək üçün gəlib döyüşərdim”.

Ziyarətimiz əsnasında şəhidimizin portretini çəkərkən böyük oğlu şəklə yaxınlaşaraq dedi ki, atamı mənimlə çəkin.

Onun atası ilə necə qürur duyması, gələcəyimizin möhkəm təməl üzərində olduğunu bir daha sübut etdi. Şəhidin qəhrəman qanını daşıyan bu övlad kəlməsi ilə 44 günlük döyüşlərin hikmətini bildirdi.

Biz sizinlə fəxr edirik!