“Qarabağımız salam yurdu və sülh bağı olsun!” – duası ilə hər şəhid qapısını döyən “Cığır” MDİD İB-nin növbəti ziyarəti şəhidimiz baş gizir Məmmədov Səbuhinin ailəsi oldu.
Mingəçevir şəhərindən Bakıya həkim müayinəsi üçün gələn şəhidimizin 3 övladının və həyat yoldaşının bacısının evində qonağı olduq. Qapılarını üzümüzə böyük mehribanlıqla açdılar.
Həyatını Vətəninin keşiyini çəkməyə sərf edən bir insanın bu qədər ailəcanlı, qayğıkeş, bacarıqlı və cəsur olduğuna heç də təəccüblənmədik.
Şəhidimizin övladlarının da qəlbində ataları kimi Vətən sevgisinin məskən tutduğuna şahid olduq. Onlar bu sevgini Mingəçevir şəhərinin 52 şəhid ailəsi ilə paylaşır və bütün şəhidlərimizin ailələrinə mənəvi dəstək olmağa çalışırlar. Öz ailəsindən şəhid verən bir ailənin başqa şəhid ailələrinə də ürək-dirək verməyi, həqiqətən də, qürur verici bir məqamdır.
Şəhidimizin 13 yaşlı Aytac adlı qızı, 12 yaşlı Əbilşah və 5 yaşlı Ömər adlarında oğulları vüqarlı millətinə, bizlərə əmanətdir.