Qəhrəmanları tanımaq və tanıtdırmaq niyyəti ilə çıxdığımız uzun yolçuluqda ana torpaq deyə bağrımıza basdığımız vətəni sevən neçə-neçə igidlərə şahid oluruq.
Bu dəfə açdığımız qapı şəhid polkovnik-leytenant Mehman Şirvanovun mənzili oldu. Həyat yoldaşı və nur üzlü 1 qız övladı- Nuray sevinclə bizi qarşıladılar.
Şəhid Mehman Şirvanov vətənimizə əvəzsiz xidmət göstərmişdir. Aprel döyüşlərində sərgilədiyi qəhrəmanlıqla kifayətlənməyən igidimiz ll Qarabağ müharibəsinə də yollanır və Murov dağı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlir.
Həyat yoldaşı Arzu xanım bizə şəhidin xatirələrindən, yaddaşlarda necə bir insan olaraq qalmasından danışırdı. “Diqqətcil, çətinlikdən qorxmayan Mehman sanki şəhid olacağından xəbərdar imiş”– deyə bizlə xatirələrini bölüşən Arzu xanım və “Şəhid elindir”– deyən atası bizlərə əsl azərbaycanlı ailəsinin dəyanətliliyini göstərdi.
Şəhidimizin igidlik, mərdlik və vətənə sadiqliyindən söhbət edərkən qəlbimizdə fəxr hissi yenidən baş qaldırdı.
Mehman şəhidimiz kimi yüzlərlə qəhrəmanlıq hekayəsi yazıldı. Bu hekayələrin hər biri Vətən, hər biri haqq üzərində quruldu.
Millətimizə Vətəni, haqqı, ədaləti bir daha xatırladan və sevdirən şəhidlərimizə Allah rəhmət etsin. Əmanət qoyduqları vətəni qorumaq və ailəsinin hər daim yanında olmaq bizlərin borcudur.