“Cığır” İB II Qarabağ müharibəsi bitəndən davamlı olaraq şəhid ailələrini ziyarət edib, onlara mənəvi dayaq olmağı özünə şərəf bilir.
Şəhidlərimizin ailələrinə mübarək şəhidliyin yüksək və çoxlarımızın əlçatmaz məqamı olmasını qürur və fərəhlə etiraf edirik.
Növbəti tanışlığımız şəhadətindən 3 ay sonra ata olan Vüsal Məmmədovun ailəsidir. Balaca Hüseyni salamlayan “Cığır” İB-nin artıq könüllü kimi işləyən əmanət anaları oldu. Şəhid xanımımız Zemfira ilə eyni qədəri paylaşan analar ona və dünyaya yeni göz açan oğluna çoxlu dua edib, şəhidimizin əziz xatirəsini yad etdilər.
Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı kəşfiyyatçısı (miçman) Vüsal Məmmədovun şəhadətindən danışan anaya, onunla necə qürur duyduğumuzu və hər gənc üçün nümunə olduğunu bildirdik.
Zemfira və Vüsal ikisi də Füzuli rayonundandırlar. 7 ay evlilikdən sonra Vüsal cəbhəyə yola düşüb. Oktyabrın 12-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Övladının oğlan olduğunu bilən şəhid ona Hüseyn (tərcm: Ən gözəl) adını vermək istəyib. Əminik ki, Hüseyn Məmmədov da atası kimi şücaətli cəsur Vətən övladı olacaq. Atası kimi çox saylı orden və fəxri fərmanlar qazanacaq.