Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində isə bir çox tarixi hadisələr baş verir. Bunlardan bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki onlar şirin canlarını Allah, Vətən və millət uğrunda fəda etmişlər.
Birliyimiz adından şəhid baş çavuş Sahib Məmmədovun ailəsini ziyarət etdik. Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1996-cı ildə Yaycı kəndində 1 N-li tam orta məktəbdə təhsil almağa başlayan şəhidimiz eyni zamanda cüdo ilə də məşğul olub. 2008-ci ilin yanvar ayında hərbi xidmətə yollanmış, Naxçıvan Muxtar Respublikasında xidmət etmişdir.
O, 2011-ci ilin noyabr ayında bir hərbçi kimi ordu sıralarına qoşulmuşdur. Vətənpərvərliyi, cəsurluğu ilə seçilən Sahib Vətən müharibəsi başlayanda qəhrəmancasına döyüşlərə qatılıb, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. 19 oktyabrda Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ziyarətimiz zamanı şəhidin həyat yoldaşı Gülnar xanımın, həm də onun əmanətlərinin mehriban, gülərüz olmaları bizə çox gözəl təsir bağışladı. Gülnar xanım yoldaşından sonra bacısının da ölümü ilə qarşılaşmağına baxmayaraq, çox pozitiv qalmağı bacara bilmişdi. Övladlarının hər birinin xüsusi bir yaradıcılıq qabiliyyəti var idi. Qızı Məryəm çox gözəl rəsmlər çəkə bilirdi. Ana özü də epoksidən əşyalar düzəltməyə həvəslənmiş, bu bacarığı inkişaf etdirmək fikrində idi. Şəhidimiz uşaqları və xanımının xatirində yardımsevər, əsl mehriban ata kimi qalmışdı.
Qəhrəman şəhidimizə Salam olsun!