Qurban bayramı günlərində cənub bölgəsinə könüldən sevgi və salam apardıq.
İmanımızın kamilləşməsinə vəsilə olan bu mübarək günlərdə şəhid ailələrini ziyarət etməyə niyyətləndik.
Elimizin-obamızın fəxri olan şəhid leytenant Məhərrəmov Vüsalın ailəsinin qapısını döymək ümidilə Masallıya yola düşdük.
Bizi Vüsalın anası, atası, xanımı və övladları çox mehriban, gülərüzlə qarşıladılar.
1979-cu il 10 dekabrda dünyaya göz açan Vüsal Məhərrəmov ali təhsil alıb, ehtiyatda olan zabit idi.O, müharibəyə böyük istəklə yollanaraq 39 gün mərdcə Vətəni müdafiə edir.
Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə şücaət göstərir.
Daşaltı kəndi bölgəsində gedən qızğın döyüşlərdə ayağından güllə yarası alır. Ancaq bu belə Vüsal Məhərrəmovun əzmini və mübarizliyini sındırmır, o, bu halda 3 yaralı əsgəri döyüş meydanından çıxarır.
Qələbəmizə sayılı günlər qalmış –6 noyabrda şəhadət məqamına yüksəlir.
Şəhidimiz iki gözəl əxlaqlı, tərbiyəli oğul övladı bizə əmanət qoyub.
Hər biri atalarının nur üzünü daşıyırlar və onunla fəxr edirlər.
Onlar Bakı Slavyan Universitetinin təşkil etdiyi kursda ödənişsiz əsaslarla təhsil alırlar.
Vüsal şəhidimizin ailəsilə söhbətdən doymaq bilmirdik.
Atası Aslan bəy ziyalıdır, müəllimdir.
Vətənpərvər oğlundan qürur və biraz da dərdli halda gözləri yaşararaq bəhs edirdi: “Vüsal uşaqlıqdan torpağa, millətinə bağlı idi, həyatda daim fədakar, hörmətli və əxlaqlı şəxsiyyət kimi ətrafına nümunə olub”.
Anası da oğlundan ürək dolusu danışırdı. Bizim qəlbimizi fəth edən məğrur, mərd duruşu və dəyanətliliyi
yol boyunca dilimizin əzbəri oldu.
Anamız oğlunun əmanəti olan gəlininə qarşı qayğıkeş və olduqca həssasdır. O, deyirdi ki, gəlinimin təhsil almasını istəyirəm, faydalanacağı xeyir işlə məşğul olsun ki, dərdlənməsin, kədərlənməsin.
Vüsal şəhidimiz əsl vətənpərvər, şərəfli ömür yolu ilə zəfər tariximizdə silinməz iz buraxdı.
Masallıya səfər edib bu izlə tanış olduğumuz üçün çox xoşbəxt və şükür içindəyik!