Qazi Rəşad İmranov

Qazi Rəşad İmranov

İkinci Qarabağ müharibəsində şəhid olan və evinə qazi kimi dönən hər bir igidimizin həyatı bir dastandır.

“Cığır” İB Vətənimizin azadlığı üçün əlindən gələni əsirgəməyən qəhrəmanlarımızdan biri, qazimiz İmranov Rəşad İlqar oğlunun ailəsini ziyarət etdi.

Rəşad 10 iyul 1995-ci il Bakının Binəqədi rayonunda doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanaraq Vətənə olan borcunu yerinə yetirmişdir.

ll Qarabağ müharibəsində səfərbərlik zamanı 21 sentyabr yenidən hərbi xidmətə çağırılan Rəşad bir sıra təlimlər keçdikdən sonra 27 sentyabr manqa komandiri olaraq Füzuli istiqamətində döyüşlərə yollanmışdır. Oktyabrın 5-i keçirilən əməliyyatlar zamanı yaralanmış, lakin davam edən döyüş səbəbilə bütün günü yağışlı havada səngərdə palçığın içində qalmışdır. Yanında ağrıkəsici olmadığına görə bütün gecəni yarasının ağrısından əziyyət çəkmişdir.

Ayın 6-sı döyüş yoldaşları 5 km yolu çox çətinliklə qət edərək onu döyüş bölgəsindən çıxartmış, sanitarkaya təhvil vermişlər. Həmin günü Füzulidəki hospitala çatdırılan Rəşada ilk yardım göstərildikdən sonra Bakıya göndərilmişdir.

1 aya yaxın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunmuş, əməliyyat olunub vəziyyəti stabilləşəndən sonra evə buraxılmışdır. Hazırda ayağında 12-ə yaxın qəlpə yarası qalmaqdadır.

Rəşadın dayısı Məmmədov Bayram 1990-cı  illərdə Azərbaycanın bütövlüyü uğrunda döyüşərək 18 ay Xüsusi Təyinatlı Polis kimi fəaliyyət göstərmiş, 1992-ci il 7 iyun ən ali zirvə olan şəhidlik məqamına ucalmışdır. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Bu gün sizlərin sayəsində güclü, məğrur, eyni zamanda xoşbəxtik. Bu günümüzü sizlərə borcluyuq, Vətən oğulları!