“Torpaq uğrunda ölən varsa, Vətəndir”
Hər bir qəhrəman bitib tükənməz bir xəzinədir.
Azərbaycan, sənin şahid olan şəhidlərin tariximizin ən unudulmaz səhifələrində yer alacaq və qəlbimiz onların qəhrəmanlığını daim qürur hissi ilə xatırlayacaq.
“Cığır” bu dəfə unudulmaz Vətən fədakarlarından biri, 2014-cü il şəhidi Həsənov Elvin Çingiz oğlunun keçdiyi qəhrəmanlıq yolunu öyrənmək üçün yola qoyuldu. Qəhrəmanımız 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Elvin çox ağıllı, vətənpərvər şagird olub. Hələ 5-ci sinifdə oxuyarkən yazdığı inşa ilə yaddaşlarda iz buraxıb və inşasında yazdığı “Mən şəhid kimi ölmək istərdim” duası 2014-cü ildə onu şəhadət mərtəbəsinə ucaltdı.
Elvininin atası 2010-cu ildə əziyyət çəkdiyi xəstəlik nəticəsində dünyasını dəyişib. Elvin də o gündən səhər növbəsi dərsdən gələndən sonra işləməyə gedirdi. Elvin ana və bacısını heç kimə möhtac olmasın deyə çalışırdı. Elvin həm bir övlad, həm də bir qardaş kimi çox qayğıkeş olub. Ana hər dəfə Elvin haqqında söz açılanda ondan çox razı olduğunu bildirirdi. Elvin ibadətini, Allahı sevən bir oğul olub.
O qəhrəmanı Mübariz İbrahimov kimi Vətənini qorumaq, düşməndən qisas almaq arzusunda olub və bu ülvi amal uğrunda şəhidlik zirvəsinə ucalmaq onun üçün şərəf idi.
Hərbi xidmətdə olduğu müddətdə dəfələrlə təşəkkürnamə alan Elvin anasının qüruru olub. Xidməti bitirəndən sonra onun mükəmməl bacarığını görən rəhbərlik daha da peşəkar hərbçi olması üçün Müdafiə Nazirliyi tərəfindən oxumağa göndərilməsi təklifini etmişdir.
2014-cü il mart ayının 17-si Horadizdə ermənilərin hücumu nəticəsində 40 metrlik döyüş məsafəsində Elvin önə çıxaraq əsgərimizi döyüşün ortasından çıxarıb, özü isə açılan güllə atəşi ilə sol üzündən ağır yaralanaraq 20 yaşında şəhidlik mərtəbəsinə yüksəlib. Bu döyüşdə Elvin üç erməni hərbçisini də məhv etmişdi.
Elvin 2014-cü ildə ölümündən sonra Azərbaycanda 3-cü dərəcəli medalla təltif olunan ilk hərbçi olub. Onun cənazəsi ilk olaraq Bakıya gətirilib və orada Prezidentin sərəncamı ilə medalla təltif olunub. Sonra isə Sumqayıta gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub.
Elvinin ana və bacısı çox mədəni, səmimi insanlardır. Ana 7 ildir hər gün səhər Şəhidlər Xiyabanına gedib oğlu ilə dərdləşdiyini deyir. Onunla Allahın Şəhidlər haqqında nazil etdiyi ayələr ətrafında söhbət etdik. Ana, Mətanət xanım ağır artroz xəstəsidir. Həmçinin yıxılma nəticəsində ayağından böyük ət kütləsi götürülüb. Yataqxanada yaşayırlar, eyni zamanda yataqxana özlərinə məxsus deyil. Bununla yanaşı ailə çox gözütox, nəcib xüsusiyyətlərə malikdir. Qızı Nərmin çox ağıllı və tərbiyəli qızdır, anasına çox gözəl qulluq edir.
Allah şəhadətini qəbul etsin, Şəhidim!