Tarix boyu millətləri zəfərdən zəfərə aparan səbəb Vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə millətin qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Qəhrəmanlar zəncirləri qıraraq, zülmətləri yararaq, bizi işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
Bu qəhrəmanlardan biri də şəhid Axundov Mirzə Musa oğludur. 1984-cü il 15 martda Lənkəran rayonunun Gəgiran kəndində doğulmuşdur. 18 il Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olmuşdur. Xidmət etdiyi zaman ərzində bir çox medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il aprel döyüşlərində iştirak etmişdir. 44 günlük Vətən müharibəsində Talış istiqamətində gedən döyüşlərdə, 2 oktyabr əbədiyyətə qovuşub.
Şəhidimizin həyat yoldaşı Sübnaz xanım onun çox zəhmətkeş, xeyirxah olduğundan bizlərə bəhs etdi. Evlərində gözəl ab-hava var idi. Özündən sonra şəhidimiz bizlərə Ağamusa, Ağasəlim və Zərifə adında 3 qəhrəman övlad əmanət etdi. Gül balalar çox tərbiyəli və qonaqpərvərdirlər. Böyük oğlu Ağamusa atasının yolunu davam etdirmək istədiyini bildirdi.