Şəhidlər şahidlərdir. Haqq uğrunda şahid olan qəhrəmanlarımızdan biri də Quliyev Kamran Dadaş oğludur. 11.05.1992-ci il tarixində Salyan şəhərində anadan olan Kamran ailədə üç övladdan biri olub.
Birinci sinifə ilk qədəmlərini Salyan rayonunun Əliağa Kürçaylı adına 7 saylı məktəbdə başlayan Kamran təhsilinə də elə burada davam edib.
Kamran şəhidin şücaətindən ilham alaraq ailəsi ilə həmsöhbət olduq. Onların dediyinə görə Kamran mərd, qayğıkeş, layiqli bir övlad idi. Anası deyir ki: “Kamran, həmişə şəhidlik arzusunda olub, elə arzusuna da çatdı. Allah bütün şəhidlərə rəhmət eləsin”.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə könüllü yola düşür. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edir və Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhidlik zirvəsinə ucalır.
Şəhidimiz ailəli idi, onun 9 və 3 yaşında iki oğul övladı var. Oğullarının adı Ümid və Tunardır.
Salam olsun Şahid olan şəhidlərə!