“Cığır” İB bu gün 44 günlük qəhrəmanlıq tarixinin yeni səhifəsini açaraq Lerik rayonu Kəlvəz kəndində doğulan baş leytenant Samir Şükürovun ailəsilə tanış oldu.
Bizə üç gül balanın gözlərindən baxan Şəhidimizə dərin ehtiram və minnətdarlığımızı bildirdik.
1-ci Qarabağ müharibəsinin qazisi Baş leytenant ehtiyatda olduğuna baxmayaraq, cəbhəyə getmək üçün könüllü yazılmışdı. 25 oktyabr döyüşlərə qatılan S.Şükürov Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və snayper atəşi nəticəsində vurulmuşdur.
8 Noyabr “Zəfər günü”-nü bizlərə bəxş edən qəhrəmanlardan biri də odur.
Yeniyetmə yaşından atasını sonra da anasını itirən şəhidimiz ailəsinin qədrini çox gözəl bilirdi. Uşaqlarına mehriban, qayğıkeş ata olmaqla bərabər ətrafına da çox gözəl qonşu və sədaqətli dost idi. Tabeliyində olan əsgərlər onun necə gözəl komandir olduğunu, onları göz bəbəyi kimi qoruduğunu danışarkən bizlər də əsl qəhrəman dastanlarının diri olduğuna bir daha şahid olduq.